Azərbaycanda valyuta bolluğu yaranıb - Dollar ucuzlaşacaq?

2026-cı ildə Azərbaycanda dollar bolluğu (valyuta profisiti) müşahidə edilir. Statistik məlumatlar göstərir ki, ölkəmizdə dollar satışı alışından xeyli çoxdur.
Mövcud vəziyyətdə banklarda dollar artıqlığı yaranıb və ABŞ valyutasına ucuzlaşma yönündə təzyiqlər artıb. Bu vəziyyətdə dolların ucuzlaşmaması üçün Mərkəzi Bank bazara müdaxilə edir, əlavə dollarları alır. Bunun nəticəsində isə Mərkəzi Bankın valyuta ehtiyatları artır.
Sfera.az xəbər verir ki, cari ilin ötən dövründə valyuta bazarında təklif tələbi əhəmiyyətli dərəcədə üstələyib.
Bu, həm nağd, həm də qeyri-nağd seqmentlərdə özünü göstərib. 2026-cı ilin 8 ayında mübadilə məntəqələri tərəfindən nağd xarici valyutanın müştərilərdən alışı satışını 673 milyon ABŞ dolları üstələyib. Valyuta bazarında tələbin kəskin azaldığı, təklifin isə artdığı şəraitdə Mərkəzi Bank tərəfindən valyuta alışları həyata keçirilib. Bu alışlar hesabına Mərkəzi Bankın valyuta ehtiyatları 32,9% və ya 3,8 milyard dollara yaxın artaraq 15,3 milyard dollarına yüksəlib. Bu, Mərkəzi Bankın valyuta ehtiyatları üzrə tarixi maksimum səviyyədir.
Mərkəzi Bank bu il 2 dəfə böyük məbləğdə alış həyata keçirib. Böyük alış birinci dəfə apreldə olub. Həmin ayda alışyönümlü müdaxilədən sonra valyuta ehtiyatları 1,03 milyard dollar artıb.
İkinci və ən böyük alış avqustda həyata keçirilib. Avqustda aylıq müdaxilə nəticəsində valyuta ehtiyatları 1,533 milyard dollar artıb.
Ümumilikdə apreldən başlayaraq dollar bolluğu kəskin yüksəlib və Mərkəzi Bankın alışları hesabına ehtiyatları 3,6 milyard dollardan çox artıb. Mərkəzi Bank aprel-avqust ayları ərzində hər ay bazardan bir neçə yüz milyon izafi dolları almağa məcbur olub.
İqtisadçı Xalid Kərimli Sfera.az-a açıqlamasında bildirib ki, Mərkəzi Bankın proqnozlarına əsasən, 2026-cı ilin sonuna qədər valyuta bazarında dollar bolluğunun davam etməsi gözlənilir.

O qeyd edib ki, prosesin nə qədər davam edəcəyi bir sıra amillərdən, o cümlədən dünya bazarında neftin qiymətindən, idxalın səviyyəsindən və qonşu ölkələrdə baş verən iqtisadi proseslərdən asılı olacaq:
"Neftin qiyməti valyuta bazarına birbaşa təsir göstərməsə də, vətəndaşların bazara münasibətinə psixoloji təsir edə bilər. Neft qiymətlərinin yüksək olaraq qalması fonunda valyuta bazarında mövcud vəziyyətin davam etməsi ehtimal olunur".
Kərimli vurğulayıb ki, idxalın artması da dollar tələbatını yüksəldə bilər:
“İdxal artarsa, təbii ki, idxalı maliyyələşdirmək üçün dollar vəsaitindən istifadə olunur. Bu da valyuta bazarına təsir edən amillərdəndir”.
İqtisadçının fikrincə, dollar bolluğunun yaranması dolların ucuzlaşmasına səbəb olmayacaq. O qeyd edib ki, bunun əsas səbəbi Azərbaycanda sabit məzənnə rejiminə üstünlük verilməsidir:
"Mərkəzi Bank indiki fiks rejimi davam etdirir və hesab edir ki, bu rejim onun mandatı çərçivəsində, indiki makroiqtisadi və maliyyə sabitliyi, eləcə də qiymət səviyyəsi baxımından ən uyğun siyasətdir. Burada hər hansı öhdəlik yoxdur ki, bu siyasət hansı formada dəyişdirilə bilməz”.
İradə Elsevər






