Qızıl bir aydır ki, ucuzlaşır – SƏBƏBLƏR

Qızıl bir aydır ki, ucuzlaşır – SƏBƏBLƏR
Kateqoriya məlum deyil
T

Qızılın dəyəri bir aydır ki, enir. Bir ay əvvəl bir troya unsiyası (31,1 qram) 4 660 dollara satılan nəcib metalın qiyməti hazırda 4 160 dollardır. Son bir ayda nəcib metal 500 dollar və ya 11 faizə yaxın ucuzlaşıb.

Sfera.az xəbər verir ki, qızılın ucuzlaşması dolların möhkəmlənməsi, ABŞ dövlət qiymətli kağızlarının bahalaşması və birjalardakı volatilliklə bağlıdır.

Neftin qiymətinin artmasından sonra ABŞ-də yanacaq qiymətləri xeyli yüksəlib. Bu səbəbdən Amerikada inflyasiya səviyyəsi də artıb. Ekspertlərin və ABŞ mərkəzi bankının (FED) proqnozuna əsasən, inflyasiyanın güclənməsi davam edəcək. Bu şəraitdə FED faizləri artırmağa, yəni pul-kredit siyasətini sərtləşdirməyə məcburdur. Əks təqdirdə inflyasiya bir qədər də güclənəcək. FED artıq bir dəfə faizləri artırıb. Bir neçə gün öncə uçot dərəcəsi 0,25 faiz bəndi artırılaraq 3,75–4% səviyyəsinə çatdırılıb. Əgər neft qiymətləri enməsə, FED daha sərt tədbirlər görməyə, uçot dərəcəsini bir qədər də artırmağa məcbur olacaq. FED-in bu qərarı dolları bahalaşdırır.

Qeyd edək ki, qızılın qiyməti dollarla müəyyənləşdiyindən, ABŞ valyutasının bahalaşması qızılın dəyərinə azaldıcı təsir edir.

Uçot dərəcəsinin artırılması ABŞ dövlət qiymətli kağızlarını da bahalaşdırır. Çünki uçot dərəcəsi artanda dövlətin borc kağızlarına ödənilən faizlər də artır. Dövlət qiymətli kağızlarına sahib olanlar bu vəziyyətdə daha çox gəlir əldə edirlər. Buna görə də investorların bir hissəsi qızıla sərmayə qoymaq əvəzinə ABŞ dövlət qiymətli kağızlarına yönəlir.

Qızılı ucuzlaşdıran digər amil başqa əmtəələrin, xüsusilə əlvan metalların da bahalaşmasıdır. Statistik məlumatlardan görünür ki, gümüş, mis, alüminium və başqa metallar da sürətlə bahalaşır. Buna görə də investorlar vəsaitlərinin bir hissəsini həmin metalların və ya onların ticarəti ilə məşğul olan şirkətlərin səhmlərinin alınmasına xərcləyirlər.

Mövcud şəraiti nəzərə alan ekspertlər bildirirlər ki, son aylarda qızılın dəyərində dəyişkənlik artıb və bu dinamika hələ davam edəcək. Bu səbəbdən investorlar tək bir aktivə yönəlmək yerinə, kapitalın tam itirilməsi riskini azaltmaq üçün investisiyaları müxtəlif sahələr arasında (istiqrazlar, səhmlər, nağd vəsait) diversifikasiya edirlər.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR