"Turizmdən 2 milyard dollara yaxın gəlir əldə olunub" - Fuad Nağıyev

"Turizmdən 2 milyard dollara yaxın gəlir əldə olunub" - Fuad Nağıyev
Kateqoriya məlum deyil
T

2025-ci ildə Azərbaycanda turizmlə bağlı fəaliyyətlərin yaratdığı əlavə dəyər təxminən 7 milyard manat təşkil edib.

Sfera.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Yaranan investisiya istiqamətləri: Daşınmaz əmlak, turizm və şəhərsalma” mövzusunda sessiyada çıxışı zamanı deyib.

Agentlik sədri bildirib ki, turizm iqtisadiyyatın şaxələndirilməsinin mühüm komponentinə çevrilib və sektorun inkişafı iqtisadiyyatın bir sıra digər sahələrinə də təsir göstərir.

O, turizmin inkişafı üzrə 2026–2030-cu illər üçün yeni Dövlət Proqramının qəbul edilməsini də diqqətə çatdırıb.

Fuad Nağıyev qeyd edib ki, proqramın əsas prioritetlərindən biri daha əlverişli və rəqabətqabiliyyətli investisiya mühitinin yaradılmasıdır.

Onun sözlərinə görə, proqram çərçivəsində mehmanxanalar və digər yerləşmə vasitələri, sağlamlıq və kurort müəssisələri, qış turizmi obyektləri, həmçinin MICE və işgüzar turizmi dəstəkləyən konfrans infrastrukturu üzrə investisiya layihələri üçün kredit faiz subsidiyalarına dair yeni mexanizm nəzərdə tutulur.

“Bu proqram növbəti dörd il üçün yol xəritəsi rolunu oynayır”, - Dövlət Turizm Agentliyinin sədri bildirib.

O əlavə edib ki, proqram çərçivəsində yerləşmə infrastrukturuna investisiyaların subsidiyalaşdırılması, əlavə müntəzəm və çarter aviareyslərinin dəstəklənməsi, beynəlxalq turistlərin cəlb edilməsi üçün subsidiyalar, turizmlə bağlı tədbirlərə və mikro və kiçik turizm bizneslərinə dəstək kimi mexanizmlər də nəzərdə tutulur.

Fuad Nağıyev həmçinin turizm və rekreasiya zonalarının inkişafının investisiya imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

O bildirib ki, bu zonalar infrastruktur, turizm xidmətləri və destinasiyaların inkişafını bir araya gətirərək dayanıqlı turizm və investisiya üçün imkanlar yaradır.

Dövlət Turizm Agentliyinin sədri Azərbaycanın müxtəlif regionlarının, zəngin mədəni irsinin və unikal turizm imkanlarının beynəlxalq turistlər üçün yüksək dəyərli turizm məhsullarının yaradılmasına imkan verdiyini qeyd edib./APA

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR