Rusiyadan Azərbaycana ixrac artır - Şimal qonşumuz Şərqə yönəlir

Son illərdə Rusiyadan idxalda nəzərəçarpacaq artım var. İdxalın həcmi 2021-ci ildə 2 milyard dollar olduğu halda 2023-cü ildə 3,15 milyard dollar, 2025-ci ildı 3,7 milyard dollar olub.
İqtisadçı Xalid Kərimli Sfera.az-a açıqlamasında bildirib ki, Rusiyanın Azərbaycanın idxalında payının artmasını dəqiq təhlil etmək üçün mal qrupları üzrə ayrıca araşdırma aparılmalıdır.
Onun sözlərinə görə, Rusiyaya ixracın da artması nəzərə alınmalıdır:
“Biz Rusiyaya həm də ixracı artırırıq. Bu o demək deyil ki, ölkədən yalnız idxal edirik. Azərbaycanın ən böyük ixrac bazarı, xüsusən qeyri-neft sektorunda, Rusiyadır. Kənd təsərrüfatı məhsullarımız demək olar ki, Rusiya bazarında satılır. Artım var. Amma çox vaxt 2020-2021-ci illə müqayisə etmək bir qədər yanlışdır. Çünki 2020-2021-ci illər pandemiya dövrü idi, çox müəssisə işləmirdi, çoxlu plan dəyişiklikləri baş verirdi. Əvvəlki illə müqayisə etmək, məsələn, 2019-cu illə müqayisə daha doğru olar. Müəyyən qədər artım olduğunu görürük. Amma 2020-2021-ci illə indiki illərin müqayisəsini doğru hesab etmirəm. Həmin dövrdə bütün iqtisadiyyatlar çökürdü. Ona görə son illərin bir-biri ilə müqayisəsi daha yaxşıdır. Əvvəlki illə müqayisədə artım var, amma bu, Azərbaycanın Rusiyadan asılı olması demək deyil. Bu, yanlış təsəvvür yarada bilər. Digər istiqamətlərdə də idxal artıb. Bu, həm də insanların alıcılıq qabiliyyətinin yaxşılaşması ilə bağlıdır”.

X.Kərimli qeyd edib ki, Rusiyadan Azərbaycana kənd təsərrüfatı və ərzaq məhsullarının idxalında artım müşahidə olunur. Onun sözlərinə görə, burada əhalinin sayının artması ilə yanaşı, qiymətlərin yüksəlməsi də rol oynayır:
“Əsas məqamlardan biri budur ki, Azərbaycanın kənd təsərrüfatı və ərzaq məhsulları üzrə əsas idxalçıları arasında Rusiya var. Əhali də çoxaldıqca tələbat artır. Digər məqam isə qiymətlərin artmasıdır. Zaman-zaman deyirik ki, qiymətlər artıb. Bazarda özümüz də bunu görürük. Həcmdə böyük dəyişiklik olmasa da, qiymətlərin artması baş verir. Məsələn, Rusiyadan aldığımız yağı əvvəl 18-20 manata alırdıqsa, indi 24-25 manata alırıq. Mən mağaza qiymətlərini deyirəm, tonnaj qiymətləri bir qədər fərqli olur. Ət məhsulları əvvəl 8-10 manata alınırdısa, indi 14-15 manata alınır. Kolbasa və digər məhsullarda da vəziyyət fərqlidir. Ümumiyyətlə, qiymətlərdə kəskin artım var. Son 5 ildə ciddi qiymət artımı baş verib. Rusiyadan gələn məhsulların da dollar ifadəsində qiyməti artır. Əsas məqam budur: birincisi, əhalinin tələbatı artır, ikincisi, qiymətlər artır”.
İqtisadçı Azərbaycanın Rusiya ilə mövcud logistika əlaqələrinin də idxalın artmasına təsir etdiyini deyib:
“Ümumiyyətlə, Rusiya ilə biz SSRİ-də eyni coğrafi və iqtisadi məkanı bölüşdüyümüzə görə logistika əlaqələrimiz daha rahatdır. Məsələn, bizim Rusiya ilə dəmir yolu xəttimiz mövcuddur və rahat şəkildə hərəkət etmək mümkündür. İranla sərhəddə isə dəmir yolu xətti yoxdur. Gələcəkdə bunun olması nəzərdə tutulsa da, burada texniki məsələlər də var. Onların relslərinin arası dardır, bizdə isə genişdir. Ona görə Rusiya ilə logistika rahatdır. Yollar var, dəmir yolu xətti var. Bunun da Rusiyadan alışların çoxluğuna təsiri var”.
İqtisadçı Rusiyanın Ukrayna ilə müharibədən sonra ticarət istiqamətlərini dəyişməsinin də Azərbaycanın Rusiya idxalındakı payına təsir etdiyini söyləyib:
“Rusiya Ukrayna ilə müharibədən sonra üzünü Şərqə çevirdi. Bunun da təsirləri var. Əvvəl Avropaya daha baha satdığı məhsulları məcbur qalıb Şərqə yönəltdi və özü üçün alternativ bazarlar tapdı. Bizim bazarlarda da genişləndi. Bunun da təsiri var”.
İradə Elsevər






