Çin yenidən qızıl idxalını artırır - RƏQƏMLƏR

Çinin qızıl idxalı bu il rekord səviyyələrə çatıb. İdxalın artmasına qiymətlərin enməsi və yuanın möhkəmlənməsi də təsir edib.
Sfera.az xəbər verir ki, 2026-cı ilin yanvar-avqust ayları ərzində Çinin idxal etdiyi qızılın miqdarı 1000 tonu keçib.
Bu göstərici 2025-ci ilin ümumi idxal həcmini üstələyir. Çinli mütəxəssislər bildirirlər ki, yuanın ilin əvvəlindən möhkəmlənməsi, əvəzində isə qızılın ucuzlaşması "nəcib metal" idxalı üçün əlverişli şərait yaradıb.
Ümumilikdə, Çin son illərdə qızıl idxalını xeyli artırıb.
2022-2026-cı illər ərzində həm qlobal iqtisadi qeyri-müəyyənliklər, həm də daxili investisiya tələbinin kəskin artması fonunda ümumilikdə yüksək və rekord səviyyələrdə qızıl alınıb.
Çin Gömrük Baş İdarəsinin və Dünya Qızıl Şurasının (WGC) rəsmi hesabatlarına əsasən, 2022-ci ildə Çinin illik xalis qızıl idxalı təxminən 1 343 ton təşkil edib. Pandemiyadan sonrakı bərpa və mərkəzi bankın ehtiyatları artırma siyasəti idxalı stimullaşdırıb. 2023-cü ildə idxal həcmi pik həddə yaxınlaşaraq təxminən 1 400 - 1 500 ton aralığında qeydə alınıb. Bu il ərzində həm pərakəndə investorlar, həm də Çin Xalq Bankı dollar asılılığını azaltmaq məqsədilə kütləvi qızıl alışları həyata keçirib.
2024-cü ildə daxili daşınmaz əmlak bazarındakı böhran və birja zəifliyi fonunda çinli investorların qızılı "təhlükəsiz sığınacaq" olaraq görməsi ilə idxal 1 200 tonun üzərində stabil qalıb.
2025-ci ildə qızıl qiymətlərinin qlobal səviyyədə tarixi zirvələrə yüksəlməsi Çinin idxal tempini nisbətən yavaşladıb və illik ümumi idxal təxminən 950 - 1 000 ton səviyyəsinə enib.2026-cı ildə isə qiymətlərin əlverişli olması Çində növbəti qızıl dalğasına səbəb olub.
Qeyd edək ki, idxal edilən qızılın daha çox hissəsini özəl sektor alır. Amma alıcılar arasında Çin Xalq Bankı da var. Buna görə də son illərdə bankın ehtiyatları artaraq 2 387 tona çatıb.
Vasif






