Metrodan sonra avtobus sıxlığı: Yeni nəqliyyat növünə ehtiyac var?

Metroda aparılan tikinti işləri ilə əlaqədar bəzi stansiyalar arasında əlaqənin dayandırılması sərnişinlərin avtobuslardan istifadə intensivliyini artırıb. Bu isə avtobuslarda sərnişin sıxlığının artmasına, daha çox avtobusun xəttə buraxılmasına və beləliklə yollarda hərəkətin çətinləşməsinə səbəb olub. Yaranan vəziyyət Bakıda avtobuslardan asılılığın azaldılmasına və yüksək tutumlu alternativ nəqliyyat növlərinin inkişafına ehtiyac olduğunu göstərir.
Nəqliyyat eksperti Adil Nəbiyev Sfera.az-a açıqlamasında bildirib ki, avtobusların sayının artırılması problemi tam həll edə bilməz.
Onun sözlərinə görə, avtobuslar mövcud küçə-yol şəbəkəsindən istifadə etdiyinə görə tıxac, dayanacaqlarda yığılma və hərəkət intervallarının pozulması kimi problemlərlə üzləşir.
Ekspertin sözlərinə görə, Bakı üçün növbəti strateji istiqamətlərdən biri relsli yerüstü ictimai nəqliyyatın, xüsusilə müasir və sürətli tramvay sisteminin inkişaf etdirilməsi olmalıdır. Tramvay daha böyük sərnişin tutumuna malik olmaqla yanaşı, ayrılmış hərəkət dəhlizində avtomobil tıxacından daha az asılı şəkildə fəaliyyət göstərə bilər:
“Söhbət Bakıda vaxtilə mövcud olmuş klassik tramvay sisteminin eyni formada bərpasından deyil, ayrıca hərəkət dəhlizi, müasir dayanacaqlar, svetoforlarda üstünlük, vahid ödəniş sistemi və metro-avtobus şəbəkəsi ilə inteqrasiya olunmuş yeni nəsil sürətli tramvay sistemindən gedir”.

Ekspertin fikrincə, belə xətlər ilk növbədə sərnişin axınının yüksək olduğu, lakin metro xəttinin olmadığı və ya stansiyalar arasında məsafənin böyük olduğu istiqamətlərdə yaradılmalıdır:
“Bununla yanaşı, Bakı ilə Xırdalan, Abşeron və digər yüksək sərnişin axını yaradan yaşayış məntəqələri arasında şəhərətrafı dəmir yolunun imkanlarının genişləndirilməsi də vacibdir. Bakı nəqliyyatında metro, sürətli tramvay, şəhərətrafı dəmir yolu və avtobuslar bir-birini tamamlayan vahid sistem kimi fəaliyyət göstərməlidir. Metro böyük sərnişin axınlarının daşınmasında əsas nəqliyyat vasitələrindən biri olaraq qalmalı, avtobuslar isə məhəllə və yaşayış massivlərindən sərnişinləri əsas nəqliyyat qovşaqlarına çatdıran çevik nəqliyyat vasitəsi kimi istifadə olunmalıdır”.
O qeyd edib ki, qısa və orta müddətdə avtobus zolaqlarının fasiləsiz şəbəkəyə çevrilməsi, ekspres marşrutların artırılması və müxtəlif nəqliyyat növləri arasında rahat keçidin təmin edilməsi də əhəmiyyətlidir:
“Bakının gələcək nəqliyyat modeli yalnız avtobusların sayının artırılması üzərində qurulmamalı, müxtəlif nəqliyyat növlərinin bir-birini əvəz edə bildiyi çoxşaxəli sistem yaradılmalıdır”.
İradə Elsevər






