Dünyada qlobal böhran: Yanacaq qıtlığı yaranıb

Dünyada yanacaq ehtiyatlarının azalması və Hörmüz boğazının uzunmüddətli bağlanması qlobal yanacaq böhranını reallığa çevirib.
Sfera.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb. Nəşrin məlumatına görə, artıq altı aydan çoxdur ki, dünyada yanacağın kommersiya ehtiyatları kəskin şəkildə azalır. Strateji ehtiyatlardan istifadə imkanlarının da tükənməyə yaxınlaşması vəziyyəti daha da ağırlaşdırıb.
Böhran fonunda Səudiyyə Ərəbistanında neft kəmərinin zədələnməsi də bazara ciddi təsir göstərib. Hadisə nəticəsində gündəlik təxminən 2,5 milyon barel neftin bazardan çıxması yaranmış təchizat problemini daha da dərinləşdirib.
“Chevron” şirkətinin rəhbəri Mayk Virt bildirib ki, əvvəllər tədarükdə yaranan fasilələrin təsirini yumşaldan mexanizmlər demək olar ki, tükənib. Onun sözlərinə görə, neft qiymətlərinin qısa müddətdə əvvəlki səviyyəyə qayıtması hazırda az ehtimal olunur. ABŞ-də də yanacaq qiymətlərində rekord qeydə alınıb. Dizel yanacağının bir qallonu 6,23 dollara, benzinin bir qallonu isə 4,32 dollara yüksəlib. Bu, təxminən dizelin litri üçün 1,64 dollar, benzinin litri üçün isə 1,14 dollar deməkdir.
Bununla belə, ABŞ Prezidenti Donald Trampın administrasiyası yaranmış problemləri hələlik müvəqqəti xarakterli hesab edir.
Firuzə Əliyeva






