Neft bahalaşır: Dedollarizasiya davam edəcək?

Neft bahalaşır: Dedollarizasiya davam edəcək?
Kateqoriya məlum deyil
T

Son aylarda neftin qiymətinin yüksəlməsi Azərbaycanın valyuta bazarına da təsir göstərir. Açıqlanan məlumatlardan görünür ki, daxili bazarda dollar təklifi artır, dollar alışı isə azalır. Bu vəziyyətdə Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları da artır. Mərkəzi Bank bazarda formalaşan izafi dollarları alaraq dövriyyəyə manat buraxır.

Proqnozlaşdırılır ki, qarşıdakı aylarda da neft qiymətləri yüksək səviyyədə qalacaq. Belə olan halda daxili bazarda dollara tələbin necə dəyişəcəyi maraq doğurur.

İqtisadçı Asif İbrahimov Sfera.az-a açıqlamasında neftin qiymətinin yüksək olmasının Azərbaycanın valyuta bazarına müsbət təsir etdiyini bildirib.

Onun sözlərinə görə, neftin qiyməti yüksəldikcə ölkənin ixrac gəlirləri artır və iqtisadiyyata daha çox xarici valyuta daxil olur:

"Bu isə daxili bazarda dollar təklifini gücləndirərək dollara olan tələbin təzyiqini azaldır. Burada əsas məsələ valyuta bazarında tələb və təklifin balansıdır. Ölkəyə daxil olan valyutanın həcmi yüksək olduqda, daxili bazarın dollar ehtiyacı daha rahat qarşılanır. Mərkəzi Bankın bazarda alış yönlü əməliyyatlar aparması da valyuta təklifinin yüksək olduğunu göstərən mühüm göstəricidir”.

A.İbrahimovun fikrincə, əhali və biznesin valyuta davranışı da dollar tələbinə təsir edən amillərdəndir:

"Gəlirlərin və yığımların daha çox manatla saxlanılması xarici valyutaya çevrilmə ehtiyacını azaldır. Manatla depozitlərin, kreditlərin və digər maliyyə alətlərinin mövcudluğu da bu tendensiyanı dəstəkləyir. İdxalın maliyyələşdirilməsi də dollara tələbin əsas mənbələrindən biridir. İdxalın həcmi, xarici ticarət balansı və ölkədən valyuta çıxışlarının səviyyəsi daxili bazarda dollara olan tələbi müəyyənləşdirir”.

İqtisadçı hesab edir ki, neftin bahalaşmasının digər mühüm təsiri bazar gözləntiləri ilə bağlıdır:

"Ölkəyə valyuta daxilolmalarının yüksək qalacağı gözləndikdə bazar iştirakçılarının əlavə dollar almaq motivasiyası azalır və bu da valyuta bazarında sabitliyə kömək edir. Hazırkı şəraitdə əsas məsələ dolların bahalaşması və ya ucuzlaşmasından daha çox, ölkənin valyuta gəlirlərinin strukturudur. Neft qiymətləri yüksək olduqda valyuta bazarında rahatlıq yaranır. Əsas strateji məqsəd isə bu rahatlığın yalnız neft gəlirlərindən asılı olmamasıdır”.

O deyib ki, qeyri-neft ixracının, xidmət ixracının, xarici investisiyaların və digər valyuta daxilolmalarının artırılması Azərbaycanın valyuta bazarını daha dayanıqlı edə bilər:

“Hazırda dollara tələbin nisbətən aşağı olmasının arxasında yüksək ixrac gəlirləri, güclü valyuta təklifi, idxal və xarici ödənişlərin vəziyyəti, əhalinin manatla yığım davranışı və Mərkəzi Bankın valyuta bazarında həyata keçirdiyi siyasət dayanır. Neftin bahalaşması dollara tələbi birbaşa deyil, ilk növbədə ölkəyə daxil olan valyutanı və bazarda dollar təklifini artırmaqla azaldır”.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR