Küçədə satılan bu məhsulları almayın - Ekspertdən XƏBƏRDARLIQ

Ölkə ərazisində qida məhsullarının qanunsuz küçə ticarətinin qarşısının alınması istiqamətində müvafiq dövlət qurumlarının birgə nəzarət mexanizmləri formalaşdırılacaq.
Qida eksperti Fərid Səfərov Sfera.az-a açıqlamasında bildirib ki, qanunsuz küçə ticarətinə qarşı mübarizənin əsas məqsədi yalnız satıcıları cərimələmək və küçədən uzaqlaşdırmaq olmamalıdır.
Onun sözlərinə görə, burada əsas prioritet istehlakçıların sağlamlığının qorunması və qida təhlükəsizliyi baxımından nəzarətsiz dövriyyənin qarşısının alınmasıdır:
“Aidiyyəti dövlət qurumları arasında vahid və koordinasiyalı nəzarət mexanizmi yaradılmalı, qurumların səlahiyyət və məsuliyyət dairəsi dəqiq müəyyənləşdirilməlidir. Eyni zamanda, məlumat mübadiləsi və operativ reaksiya sistemi qurulmalı, nəzarət tədbirləri yalnız periodik reydlərlə məhdudlaşmamalıdır”.
F.Səfərov qeyd edib ki, xüsusilə ət və ət məhsulları, qiymə, toyuq, balıq və dəniz məhsulları, süd məhsulları, kremli şirniyyatlar, hazır salatlar, mayonezli məhsullar və bişmiş yeməklərə daha ciddi nəzarət edilməlidir.

O söyləyib ki, bu məhsulların küçə şəraitində, xüsusilə isti havalarda soyuducu və temperatur nəzarəti olmadan saxlanılması mikrobioloji riskləri artırır:
“Məhsulların mənşəyi, saxlanma və daşınma şəraiti, temperatur rejimi, yararlılıq müddəti və satış zamanı gigiyenik tələblərə əməl olunması yoxlanılmalıdır. Satıcıların qanuni fəaliyyətə keçməsi üçün sadələşdirilmiş qeydiyyat imkanlarının yaradılması, xüsusi satış məntəqələrinin ayrılması və maarifləndirici təlimlərin keçirilməsi məqsədəuyğun olardı”.
F.Səfərov hesab edir ki, ilk dəfə qayda pozan və istehlakçı üçün ciddi təhlükə yaratmayan hallarda maarifləndirmə və qanuni fəaliyyətə yönləndirmə tətbiq edilə bilər:
"Lakin mənşəyi məlum olmayan, yararlılıq müddəti keçmiş və ya insan sağlamlığı üçün real təhlükə yaradan məhsulların satışına qarşı daha sərt tədbirlər görülməlidir. Əsas məqsəd küçə ticarətini sadəcə aradan qaldırmaq deyil, qida məhsullarının istehsaldan istehlakçıya qədər bütün zəncirində təhlükəsizliyi təmin etmək olmalıdır”.
İradə Elsevər






