Neft hasilatı azalır: Azərbaycanı hansı nəticələr gözləyir?

Neft hasilatı azalır: Azərbaycanı hansı nəticələr gözləyir?
Kateqoriya məlum deyil
T

ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyası (EIA) Azərbaycanda 2027-cı il üçün orta gündəlik neft hasilatını 520 min barel səviyyəsində proqnozlaşdırır.

Bu barədə EIA “Qısamüddətli enerji perspektivi” adlı hesabatın sentyabr ayı üzrə açıqladığı məlumatda qeyd edilib.

Proqnozda qeyd edilir ki, gələn ilin birinci rübündə ölkəmizdə orta gündəlik neft hasilatı 530 min barel, dördüncü rübdə isə 510 min barel olacaq.

Hasilat dinamikasından görünür ki, gələn ildə də Azərbaycanda çıxarılan neft azalacaq.

Azərbaycanın neft hasilatında azalma hansı səbəblərdən qaynaqlanır? 2027-ci ildə hasilatın azalması ölkənin neft gəlirlərinə və iqtisadiyyatına necə təsir göstərə bilər?

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı Allahverdi Cəfərovun sözlərinə görə, Azərbaycanda neft hasilatının azalması tamamilə təbii geoloji prosesdir.

O, Azərbaycanın əsas neft yataqlarının artıq uzun illərdir istismar olunduğunu, son illər əsas neft yatağı olan “Azəri-Çıraq-Günəşli” blokunda hasilatın davamlı olaraq azaldığını və quyuların məhsuldarlığnın ildən-ilə aşağı düşdüyünü açıqlayıb:

“Düzdür, əlavə müdaxilələrlə bu il “Azəri-Çıraq-Günəşli”də məhsuldarlığı təxminən ötən ilki səviyyədə saxlamaq mümkün oldu. Amma neftin tədricən tükənməyə doğru getdiyini hər kəs bilir. Bu baxımdan gələn il üçün 30 min barel azalma proqnozu xüsusi bir dəyişiklik yaratmayacaq. Ola bilsin ki, bu proqnoz gələn il üçün də özünü doğrultmasın. Dediyim kimi, quyularda məhsuldarlığı artırmaq üçün texnoloji tədbirlər həyata keçirilir. Amma bütün hallarda ortada olan yeganə həqiqət odur ki, neft hasilatı azalmaya doğru gedir. Qarşıdakı illərdə bu proses daha da sürətlənəcək. Hasilatın azalmasının iqtisadiyyata təsirini isə sadə hesablama ilə qiymətləndirə bilərik. Gündəlik hasilat 30 min barel azalarsa, bu o deməkdir ki, il ərzində təxminən 11 milyon barel az neft hasil ediləcək”.

Ekspert Azərbaycanda neft hasilatının azalmasını daha çox uzunmüddətli risk kimi qiymətləndirib:

“Əgər orta neft qiymətini, məsələn, 70 dollar götürsək, bu, illik təxminən 770 milyon dollar həcmində ümumi satış dəyərinin azalması deməkdir.

Aydın məsələdir ki, bu məbləğin hamısını Azərbaycan iqtisadiyyatının itkisi kimi qiymətləndirmək düzgün olmaz. Çünki neftin satış gəlirindən hasilat xərcləri, tərəfdaşların payları və digər ödənişlər çıxılır. Azərbaycanın real gəlir itkisi təxminən 300-400 milyon dollar ola bilər. İndiki halda bu, Azərbaycan iqtisadiyyatı üçün ciddi itki hesab olunmaya bilər. Xüsusilə nəzərə almaq lazımdır ki, son zamanlar dünya bazarlarında neftin qiyməti dövlət büdcəsində göstərilən 65 dollardan daha baha satılır. Bu da hasilatdakı azalmanı kompensasiya edir. Əgər növbəti illərdə də neft qiymətləri yüksək olarsa, hasilatın azalması Azərbaycan iqtisadiyyatına təsir etməyəcək. Azərbaycanda neft hasilatının azalması daha çox uzunmüddətli risk kimi qiymətləndirilməlidir. Gələn il 30 min barellik azalma Azərbaycan iqtisadiyyatında ciddi böhran yaratmaya bilər, amma hasilatın azalması uzun illər davam etdiyi üçün neft gəlirlərinin iqtisadiyyatda çəkisi də tədricən aşağı düşəcək. Bu baxımdan Azərbaycan üçün əsas çağırış neft hasilatının azalmasının qarşısını almaq olmamalıdır. Əslində, bu, uzunmüddətli dövr üçün mümkün də deyil. Ona görə də əsas məsələ neft gəlirlərindən asılılığı azaltmaqdır. Bunun üçün qeyri-neft sektorunun, xüsusilə sənaye, kənd təsərrüfatı, logistika, turizm və texnologiya sahələrinin inkişafı vacibdir”.

Bəsti Rəfizadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR