Misin qiyməti sürətlə artır - Azərbaycan milyonlar qazanır

Son bahalaşmaların ardından misin bir tonunun qiyməti 15 min dolları ötüb.
Sfera.az xəbər verir ki, misin dəyəri sentyabrın 8-də 15 min dollarləq həddi keçib. Hazırda qiymətlər 15 100-15 200 dollar səviyyəsində dəyişir.
Müqayisə göstərir ki, misin dəyəri son bir ildə 50 faiz yüksəlib. Bir il əvvəl mis 10 min dollara satılırdı.
Ekspertlər misin dəyərinin bu qədər yüksəlməsini riskli hesab edirlər. Məlumatlara görə, son aylarda yüz minlərlə ton mis alınaraq ABŞ-yə köçürülüb. Bu addım dünyada mis təklifini xeyli azaldıb. ABŞ dollarının zəifləməsi də misi bahalaşdıran səbəblərdən biri hesab edilir.
Analitiklər xəbərdarlıq edirlər ki, artımı dəstəkləyən bəzi amillər kövrək göründüyü üçün mövcud qiymətləri qorumaq çətin ola bilər. Bu baxımdan analitiklər mis qiymətlərində "köpük" ehtimalını yüksək qiymətləndirirlər. Onların fikrincə, ABŞ-nin davranışı misin dəyərini xeyli azalda bilər.
Xatırladaq ki, misin qiyməti 2025-ci ilin əvvəlinə qədər uzun müddət 8-10 min dollar arasında dəyişib. Məhz son bir ildə bu metalın dəyəri kəskin artıb.
Misin qiymətinin kəskin artması Azərbaycanın qeyri-neft ixracına və dağ-mədən sektoruna birbaşa və olduqca müsbət təsir göstərir. Qiymət artımı Azərbaycanın mis filizləri və konsentratlarının satışından əldə etdiyi gəlirləri kəskin şəkildə artırıb. Dövlət Gömrük Komitəsinin rəsmi statistikasına əsasən, 2026-cı ilin yanvar-iyul aylarında (ilin ilk 7 ayında) Azərbaycan 152 milyon ABŞ dolları dəyərində 69,1 min ton mis filizləri və konsentratları ixrac edib.
Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 9,5 dəfə (təxminən 10 dəfə), həcm baxımından isə 6,8 dəfə çoxdur. Qiymət artımı fiziki ixrac artımını da qabaqlayaraq ölkəyə daxil olan xalis valyutanın həcmini multiplikativ şəkildə çoxaldıb.
Bundan əlavə, təkcə xammal deyil, misdən hazırlanan məmulatların da ixracı son 7 ayda 12,7% artaraq 24,59 milyon dollara çatıb.
Mis filizləri və konsentratlarının ixracı Azərbaycanın ümumi qeyri-neft ixracında 6,79% paya sahib olub. Bu, dağ-mədən sənayesini qeyri-neft sektorunun ən sürətlə böyüyən və gəlirli sahələrindən birinə çevirir.
Vasif






