Qızılda bahalaşma dayanmır: Qiymətlərdə artım davam edəcək

Qızılda bahalaşma dayanmır: Qiymətlərdə artım davam edəcək
Kateqoriya məlum deyil
T

Qızılın qiyməti ABŞ dollarının zəifləməsi, qlobal geosiyasi münaqişələr və mərkəzi bankların rekord səviyyədə alışları səbəbindən sürətlə artır və yaxın dövrdə bu artımın davam edərək bir troya unsiyası üçün 5 400 - 6 000 dollar həddinə çatması gözlənilir. 2026-cı ilin avqust ayı etibarilə qızıl son üç ayın ən yüksək səviyyəsinə qalxaraq unsiyası təxminən 4 580 - 4 650 dollar diapazonunda ticarət olunurdu və ötən illə müqayisədə 37 faizdən çox dəyər qazanmışdı. Bu gün isə qızılın dəyəri 4 700 dolları ötüb.

Sfera.az xəbər verir ki, qızılın bahalaşmasının birinci səbəbi dolların ucuzlaşması ilə bağlıdır.

ABŞ Maliyyə Nazirliyinin dövlət istiqrazlarının geri alışı proqramını genişləndirməsi fonunda dollar indeksinin və istiqraz gəlirliliyinin aşağı düşməsi müşahidə edilib. Dollar zəiflədikdə qızıl digər valyutalara sahib investorlar üçün daha cəlbedici olur.

Qızılı bahalaşdıran ikinci səbəb mərkəzi bankların çoxlu miqdarda qızıl almasıdır. Çin, Polşa, Hindistan və Özbəkistan başda olmaqla mərkəzi banklar ABŞ dollarından asılılığı azaltmaq üçün qızıl ehtiyatlarını kəskin şəkildə artırırlar. 2026-cı ilin ikinci rübündə mərkəzi bankların qızıl satınalmaları illik müqayisədə 62 faiz artıb.

Geosiyasi risklər də qızılı bahalaşdırır. Yaxın Şərqdə davam edən hərbi gərginliklər (xüsusilə İran ətrafındakı münaqişə) və qlobal ticarət müharibələri investorları riskli aktivlərdən (səhmlərdən) qaçaraq vəsaitlərini qızılda sığortalamağa məcbur edir.

İnflyasiya və ABŞ-nin dövlət borcunun artması qızılı bahalaşdıran digər amildir. ABŞ-də inflyasiyanın yüksək qalması (%3,5–3,9) və ölkənin dövlət borcunun davamlı böyüməsi kağız valyutaların dəyərsizləşməsi qorxusunu (debasement trade) alovlandırır.

Bu vəziyyətdə ciddi maliyyə qurumları qızılın bahalaşma imkanlarının böyük olduğunu proqnozlaşdırır. İsveçrənin UBS bankının analitikləri qlobal borc böhranı və zəif dollar fonunda qızılın növbəti 12 ay ərzində 5 400 dollara qədər bahalaşacağını ehtimal edir. "J.P. Morgan Global Research" analitiklərinin hesabatına görə, geosiyasi risklərin qalması şərtilə qızıl cari ilin sonuna qədər 6 000 dollar həddini keçə bilər.Qızılın bahalaşması Azərbaycan üçün əlverişlidir.

Bahalaşan qızıl Azərbaycanın qeyri-neft sektoru gəlirlərinin artması, strateji valyuta ehtiyatlarının güclənməsi və ölkənin suveren fondlarının dəyər qazanması istiqamətində çox böyük birbaşa xeyir verir.2026-cı ilin iyul ayına olan son rəsmi hesabata əsasən, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivlərində 178,1 ton rəsmi qızıl ehtiyatı var. 2025-ci ilin sonunda fondun rekord həcmdə - 200 ton qızılı olsa da, 2026-cı ilin birinci rübündə portfelin yenidən balanslaşdırılması məqsədilə 22,1 ton qızıl satılıb və ehtiyatlar hazırkı səviyyəyə (178,1 ton) endirilib. Fond ikinci rübdə qızıl satışını tamamilə dayandırıb.

Bəs qızılın bahalaşması ARDNF-in aktivlərinin dəyərini nə qədər artıracaq?

1 ton qızıl 32 150,7 troya unsiyasına bərabərdir. Fondun əlindəki 178,1 ton qızıl isə təxminən 5 726 040 troya unsiyası deməkdir. Qlobal birjada qızılın troya unsiyası qiymətindəki hər 100 dollarlıq artım Neft Fondunun aktivlərinin dəyərini birbaşa 572,6 milyon dollar artırır.Əgər qızılın qiyməti hazırkı 4 700 dollar səviyyəsindən analitiklərin proqnozlaşdırdığı hədəflərə doğru yüksələrsə, fondun qazanacağı əlavə yenidənqiymətləndirmə mənfəəti belə olacaq: 5 000 dollar həddinə yüksəldikdə (hazırkı qiymətdən 300 dollar artdıqda) Fondun qızıl portfelinin dəyəri əlavə 1,718 milyard dollar artacaq, 5 400 dollar həddinə yüksəldikdə (hazırkı qiymətdən 700 dollar artdıqda) Fondun aktivlərinə əlavə 4,008 milyard dollar xalis mənfəət yazılacaq.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR