Pensiyalar bu qədər ARTACAQ - AÇIQLAMA

2026-cı ildə pensiyaların 9,3 faiz indeksləşdirilməsi növbəti ildə də artımın hansı həcmdə olacağı ilə bağlı gözləntiləri artırıb. Qanunvericiliyə əsasən, əmək pensiyalarının sığorta hissəsi hər il ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun indeksləşdirilir.
Bəs, 2026-cı ildə əməkhaqqı və digər iqtisadi göstəricilərin dinamikası nəzərə alınmaqla, 2027-ci ilin əvvəlində pensiyaların artım faizi təxminən hansı səviyyədə ola bilər və bu artım pensiyaçıların real gəlirlərinə nə dərəcədə təsir göstərə bilər?
Sfera.az xəbər verir ki, məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, hazırda əməkhaqlarının artım faizi orta hesabla 7 faizdir. Bu proses belə həyata keçirilir:
"Hər il əvvəlki ildə işləyən şəxslərin orta aylıq əməkhaqqının artım faizinə uyğun olaraq növbəti il pensiyaların artımı, yəni indeksasiyası həyata keçirilir. Bu rəqəm dəqiq olaraq növbəti ilin fevralında məlum olur. Yəni 2027-ci ildə pensiyaların neçə faiz artacağını dəqiq olaraq 2027-ci ilin fevralında biləcəyik. Hazırda isə beş aylıq göstəricilər mövcuddur. Statistika adətən bir-iki ay gecikmə ilə açıqlanır. Hazırkı göstəriciyə görə əməkhaqlarında təxminən 7 faizlik artım var".
Ekspert bildirib ki, əgər bu temp ilin sonuna qədər davam edərsə və əməkhaqlarının artım faizi aşağı düşməzsə, növbəti il pensiyaların təxminən 7 faiz artması mümkündür:
"Bu artımın pensiyaçıların real gəlirlərinə təsirinə gəldikdə isə, hazırda inflyasiya 6 faiz ətrafındadır. Xüsusilə ərzaq inflyasiyasının 7 faizdən yüksək olduğunu nəzərə alsaq, pensiya artımı əsasən inflyasiyanı kompensasiya etmiş olacaq. Çünki pensiyaçıların əsas xərcləri ərzaq və dərmanla bağlıdır".






