Süd məhsullarının qiyməti niyə bahalaşır? — Açıqlandı

Süd məhsullarının qiyməti niyə bahalaşır? — Açıqlandı
Kateqoriya məlum deyil
T

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2026-cı ilin ilk 6 ayında Azərbaycana 11 276,5 ton süd və qaymaq idxal edilib və məhsulların statistik dəyəri 21,3 milyon ABŞ dolları təşkil edib. İdxal xərclərinin artması ölkənin süd və süd məhsullarına olan daxili tələbatının nə qədərinin yerli istehsal hesabına qarşılandığı məsələsini yenidən gündəmə gətirir.

Bəs süd və qaymaq idxalına çəkilən xərclərin artmasının əsas səbəbləri nələrdir? Yerli istehsal daxili tələbatı tam qarşılaya bilirmi? İdxaldan asılılığın artması süd məhsullarının qiymətlərinə və yerli istehsalçılara necə təsir göstərə bilər? Bu tendensiya Azərbaycanın ərzaq təhlükəsizliyi baxımından hansı riskləri yarada bilər?

Sfera.az bildirir ki, mövzu ilə bağlı Demokrat.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib ki, əgər son 5 ildə iribuynuzlu mal-qaranın sayı 200-240 min baş azalıbsa, təbii ki, bunun süd istehsalına da təsiri olmalıdır.

Onun sözlərinə görə, bu, gözlənilən prosesdir:

“Mal-qaranın sayı azaldıqca süd istehsalının həcmi də aşağı düşür və nəticədə süd məhsullarının yerli istehsal imkanları məhdudlaşır.

Hazırda Azərbaycanda süd məhsullarının yerli istehsal həcmi kifayət qədər yüksək deyil. Hətta bazarda yerli istehsal adı ilə təqdim olunan bəzi məhsulların hazırlanmasında xaricdən gətirilən süd tozundan istifadə olunur. Bu baxımdan yerli xammal bazasının zəifləməsi süd və süd məhsullarının qiymətlərinə birbaşa təsir göstərə bilər.

Mal-qara sayının azalması ilə yanaşı, yem, baytarlıq xidmətləri, enerji, əməkhaqqı və digər istehsal xərclərinin artması da fermerlərin və istehsalçıların üzərinə əlavə yük qoyur. Nəticədə südün maya dəyəri yüksəlir. Bu isə son məhsulun qiymətinə də təsirsiz ötüşmür.

Digər tərəfdən, daxili bazarda idxaldan asılılığın artması xarici bazarlardakı qiymət dəyişikliklərini də Azərbaycana daha sürətli ötürür. Xaricdə süd tozu və digər xammalın qiyməti, eyni zamanda logistika və daşınma xərcləri yüksəldikdə, yerli bazarda da qiymət artımı baş verə bilər.

Məsələn, yanacağın qiymətinin yüksəlməsi nəqliyyat və logistika xərclərini artırır. Bu zaman istehsalçı məhsulun qiymətini artırmasa və ya cüzi artım etsə belə, daşınma, yanacaq və digər əlavə xərclərin yüksəlməsi son nəticədə məhsulun pərakəndə satış qiymətinə təsir göstərə bilər.

Ona görə də süd və süd məhsullarında qiymət artımını yalnız istehsalçının qiyməti artırması ilə əlaqələndirmək düzgün deyil. Burada yerli xammal bazasının vəziyyəti, mal-qaranın sayı, istehsal xərcləri, eləcə də idxal və logistika amilləri birlikdə nəzərə alınmalıdır. Yerli istehsalın artırılması və maldarlığın inkişaf etdirilməsi isə uzunmüddətli perspektivdə xarici bazarlardan asılılığın və qiymətlərin dəyişkənliyinin azalmasına kömək edə bilər”, - deyə Natiq Cəfərli fikrini tamamlayıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR