İpoteka kreditləri artırılmalıdır - EKSPERTLƏR

Dövlət xətti ilə indiyədək 4,3 milyard manatdan çox ipoteka krediti verilib. Hər il dövlət vəsaiti hesabına təxminən 400-450 milyon manat həcmində ipoteka krediti ayrılır. Bazarın mövcud vəziyyətində dövlət xətti ilə verilən ipoteka kreditlərinin ümumi həcminin artırılması məsələsi gündəmdədir.
Sfera.az xəbər verir ki, iqtisadçı Natiq Cəfərov dövlət xətti ilə verilən ipotekanın mənzil bazarına təsirinin hələ də ciddi olmadığını bildirib.
Onun sözlərinə görə, dövlət xətti ilə ipoteka proqramları uzun illərdir tətbiq olunsa da, verilən kreditlərin sayı ümumi mənzil bazarı ilə müqayisədə yüksək deyil:
“Mənzillərin satışında daha çox kommersiya ipotekası və tikinti şirkətlərinin daxili ipoteka proqramlarından istifadə olunur”.

İqtisadçı qeyd edib ki, dövlət xətti ilə güzəştli ipoteka almaq üçün müəyyən kriteriyalara uyğun gəlmək lazımdır:
“Bu səbəbdən həmin şərtlərə cavab verən şəxslərin sayı çox olsa da, təklif tələbi tam qarşılamır. Nəticədə dövlət xətti ilə ipotekaya tələbin yüksək olması növbəlilik prinsipinin yaranmasına səbəb olur”.
Azərbaycan Qiymətləndiricilər Palatasının üzvü, iqtisadçı Faiq İbrahimov isə dövlət xətti ilə verilən ipoteka kreditlərinin həcminin artırılmasının vacib olduğunu düşünür.
Onun sözlərinə görə, mənzil bazarında qiymət artımı, tikinti xərclərinin yüksəlməsi və əhalinin mənzilə olan tələbatının artması dövlət dəstəyi ilə ayrılan ipoteka vəsaitlərinin genişləndirilməsini zəruri edir.

Ekspert hesab edir ki, İpoteka və Kredit Zəmanət Fondunun maliyyə imkanlarının artırılması həm mənzilə çıxış imkanlarını genişləndirə, həm də bazarda tələb-təklif balansının qorunmasına kömək edə bilər.
F.İbrahimovun fikrincə, ipoteka kreditlərinin artırılması tikinti sektorunda iqtisadi fəallığı, məşğulluğu və əlaqəli sahələrdə dövriyyəni də stimullaşdıra bilər.
İradə Elsevər
Sfera.az






