Azərbaycan neftin bahalaşmasından necə qazanır? – AÇIQLAMA

ABŞ-İran danışıqlarında əsas mübahisə mövzularından biri yenə də Hörmüz boğazıdır. ABŞ Prezidenti Donald Tramp İranın son 50 ildə vurduğu zərərə görə kompensasiya ödəməli olduğunu bildirir, Tehran isə boğazın açılması ilə bağlı öz şərtlərini irəli sürür.
Hörmüzdə yaranan qeyri-müəyyənlik enerji bazarında da özünü göstərir. Hazırda Brent markalı neftin qiyməti 88 dolları, Azərbaycanın “Azeri Light” neftinin qiyməti isə 95 dolları ötüb. ABŞ-İran danışıqlarının nəticəsiz qalması və Hörmüz boğazında keçidin tam bərpa olunmaması neft bazarında riskləri daha da artırır.
Bəs Hörmüz böhranı Azərbaycan üçün nə dərəcədə sərfəlidir? Neft qiymətlərinin yüksəlməsi ölkənin gəlirlərinə necə təsir edir və bu vəziyyət uzunmüddətli iqtisadi üstünlüyə çevrilə bilərmi?
Mövzu ilə bağlı Sfera.az-aa çıqlama verən iqtisadçı Elman Sadıqov bildirib ki, hazırda Hörmüz boğazı ümumiyyətlə təkə ABŞ-İran üçün deyil, bütün Körfəz ölkələri deyil, bütün dünya iqtisadiyyatı üçün böyük bir problemə çevrilib. Artıq bu, ciddi bir düyün nöqtəsidir. Onun sözlərinə görə, problemin həlli ilə bağlı müxtəlif variantlar ortaya atılır:

“Hətta belə bir variant da var ki, Hörmüz boğazının müəyyən hissəsi kəsilərək, qazılaraq oradan kanal keçirilsin. Yəni faktiki olaraq süni kanal açılaraq neft tədarükünün təmin olunmasına çalışılsın. Hər bir halda, düşünürəm ki, bu problem ABŞ-də aralıq seçkilərinə qədər öz həllini tapmayacaq. Bu da Amerikanın mövcud administrasiyası üçün aralıq seçkilərdə ciddi səs itkiləri ilə nəticələnə bilər. Amma ümumilikdə götürdükdə, Hörmüz boğazında yaranan məhdudiyyətlər həm enerji bazarına, həm də digər sahələrə ciddi təsir göstərir. Hamının fikri enerji bazarına yönəlib, amma nəzərə alaq ki, dünya üzrə istifadə olunan gübrənin, məsələn, azotun təxminən 50 faizi, fosforun isə təxminən 30 faizi həmin marşrutdan keçir. Bunlar kənd təsərrüfatı üçün önəmli məsələlərdir. Gübrə qiymətlərinin qalxması və ya gübrədə müəyyən qıtlığın yaranması, xüsusilə payız aylarında ərzaq probleminə gətirib çıxara bilər. Hazırda dünya bunu tam görmür, çünki yay aylarıdır, hələ əkin-biçin vaxtı deyil”.
Ekspert qeyd edib ki, neft və qazın qiyməti yüksəkdir:
“Bu, neft ixrac edən ölkələr, xüsusilə neft ixracında problem yaşamayan ölkələr, o cümlədən Azərbaycan üçün müsbət haldır. Azərbaycanın nefti Hörmüz boğazından keçmir, boru xətti ilə Ceyhana gedir. Nəticə etibarilə, hər hansı logistika problemi yoxdur, tədarük zəncirində qırılma baş vermir. Bu da bizim üçün, əlbəttə ki, neft gəlirlərinin artması deməkdir. Təxminən gündəlik neft ixracının 350-400 min barel ətrafında olduğunu nəzərə alsaq, hər barel neftin qiymətinin 1 dollar artması Azərbaycan üçün gündəlik təxminən 350-400 min dollar əlavə neft gəliri deməkdir. Bu, nəticə etibarilə Azərbaycanın Neft Fondunun vəsaitlərinin artırılmasına, büdcə gəlirlərinə müsbət təsir göstərir. Xüsusilə Neft Fondunun dayanıqlığı baxımından bu, çox önəmlidir. Çünki büdcə gəlirləri əsasən sabit transferlərdən ibarətdir və neftin qiymətinin neçə dollar olmasından asılı olmayaraq həmin vəsait hökumət tərəfindən büdcəyə transfer edilir.
Nəticə etibarilə Neft Fondunun dayanıqlığı, Azərbaycanın makroiqtisadi göstəriciləri, Azərbaycana valyuta axını, tədiyyə balansımızın və ticarət balansımızın müsbət saldoda olması baxımından bu, çox vacibdir. Tədiyyə və ticarət balansının müsbət saldoda olması manata olan təzyiqin olmaması, yəni devalvasiya riskinin minimuma enməsi deməkdir. Bu da yenə makroiqtisadi sabitliyə yardım edir. Azərbaycanda investisiyaların, daxili investisiyaların artımına töhfə verir. Yəni, əlbəttə ki, neft qiymətlərinin yüksək olması bizim üçün önəmlidir. Amma nəzərə alaq ki, bu, müvəqqəti bir prosesdir. Uzun müddət neft qiymətləri dünyada belə qala bilməz. Dünya iqtisadiyyatı üçün bu, ciddi daralma və problemlər formalaşdırır, xüsusilə inkişaf etmiş və neft-qaz idxal edən ölkələr üçün. Ona görə biz buna müvəqqəti bir şans kimi baxmalıyıq. Azərbaycanın bu müvəqqəti şansdan nə qədər maksimum səmərəli istifadə edəcəyi artıq görüləcək tədbirlərdən asılıdır”.
E.Sadıqov nəzərə çatıdırb ki, bunun nə üçün müvəqqəti olduğunu və ardınca niyə neft qiymətlərində ciddi eniş gözlənildiyini tarix də göstərir:
“1970-ci illərdə uzunmüddətli yüksək neft qiymətlərindən sonra 1980-ci illərin ortalarında ciddi çöküş baş verdi. 1990-cı illərdə uzun müddət neftin qiyməti 20-30 dollar ətrafında aşağı həddə qaldı. 2008-2010-cu illərdə neft qiymətlərinin kəskin artımından sonra isə 2015-2016-cı illərdə neftin qiymətində ciddi eniş baş verdi. Yəni bu, təbii prosesdir, belə dəyişikliklər olacaq. Amma biz buna hazırlıqlı olmalıyıq və qeyri-neft sektorunun inkişafına diqqət yetirməliyik. Bu gün neft qiymətləri yüksəkdir, Azərbaycana ciddi valyuta daxilolmaları var, Neft Fondumuzun vəsaitləri artır, tədiyyə və cari balansımız müsbətdir, makroiqtisadi sabitlik təmin olunub. Amma sabah həmin neft qiymətləri kəskin şəkildə enərsə, bu, həm psixoloji təzyiq yaradacaq, həm də digər göstəricilərə mənfi təsir göstərəcək. Ona görə biz bundan maksimum şans kimi istifadə etməliyik və düşünürəm ki, Azərbaycan bu imkanlardan növbəti mərhələlərdə islahatlar üçün istifadə edəcək”.
Mütəxəssisinin sözlərinə əsasən, bəzi ölkələr və bizim ölkəmiz haqqında deyirlər ki, biz bu neft qiymətlərindən uzunmüddətli gəlir və fayda götürürük:
“Bu, uzunmüddətli gəlir deyil. Bu, qısamüddətli gəlirdir, qısamüddətli faydadır. Çünki bunun ardınca dünyada ərzaq qiymətlərinin artımı gözlənilir, inflyasiya təzyiqi artır. Nəzərə alaq ki, Azərbaycan bir çox sahələrdə idxaldan asılı ölkədir. Bu da idxal inflyasiyasının yenidən artmasına səbəb ola bilər. Dünyada qiymətlər 5 faiz artırsa, Azərbaycanda həmin qiymətlər 10-15 faiz arta bilər. Bunun obyektiv və subyektiv səbəbləri var. Bir məhsulun qiyməti dünyada 5 faiz artanda onun ölkəyə gətirilməsi, logistika, xidmət, sığorta və digər xərclər də artır. Əlavə olaraq, inflyasiya daha çox ticarətdən gəlir əldə etmək amilini də ortaya çıxarır. Nəticədə dünyada 5 faiz artan qiymət Azərbaycanda obyektiv və subyektiv səbəblərdən daha çox arta bilər. Azərbaycanda ümumiyyətlə hər bir məhsulun qiymət artımının səbəbləri təhlil olunmalı və açıqlanmalıdır.
Təəssüf ki, bu təhlillərin olmaması nəticəsində hansı məhsulun qiymətinin niyə artması, bunun obyektiv, yoxsa subyektiv səbəblərdən qaynaqlanması bir çox hallarda qeyri-müəyyən qalır. Sadəcə spekulyativ söhbətlər gedir, heç bir təhlilə dayanmadan, heç bir təhlilə əsaslanmadan müəyyən fərziyyələr irəli sürülür və nəticədə yanlış fikirlər formalaşır. Bu, çox önəmli məsələdir. Son olaraq qeyd edək ki, Azərbaycan bu gün neft qiymətlərinin artımı nəticəsində əldə etdiyi vəsaitləri sabah inflyasiyaya “yedirməmək”, həmin vəsaitləri inflyasiya nəticəsində itirməmək üçün müvafiq addımlar atmalıdır. Bu, Azərbaycan üçün yaranan müəyyən bir şansdır, amma qısamüddətli şansdır. Azərbaycan bu qısamüddətli şansdan maksimum səmərəli istifadə edərək onu uzunmüddətli üstünlüyə çevirmək üçün tədbirlər planını qəbul etməli, strateji addımlar atmalı və köklü dəyişikliklər həyata keçirməlidir”.
Firuzə Əliyeva
Sfera.az






