"Binə" və "Sədərək" müştəri itirir: Ekspertlərdən xəbərdarlıq

Elektron ticarətin sürətlə yayılması ənənəvi pərakəndə satışa təsir edir. Alıcıların getdikcə daha çox onlayn alış-verişə üstünlük verməsi "Binə", "Sədərək", eləcə də digər iri ticarət mərkəzlərinin əvvəlki müştəri axını ilə bağlı yeni strategiyalar axtarmasını zəruri edir.
Sfera.az xəbər verir ki, iqtisadçı Natiq Cəfərlinin sözlərinə görə, dünyada ticarət mərkəzləri anlayışı tədricən dəyişir və onların yerini əyləncə mərkəzləri tutur.

İqtisadçı bildirib ki, bunun üçün həmin mərkəzlərə gömrük və karqo güzəştlərinin tətbiqi vacibdir:
"Bu halda “Sədərək” və “Binə”dən Rusiya, İran, Orta Asiya ölkələri və digər istiqamətlərə məhsul paylanması mümkün ola bilər. Ticarət mərkəzləri onlayn satışa daha çox üstünlük verməlidir. O qeyd edib ki, onlayn ticarət icarə, işçi, əməkhaqqı və kommunal xərcləri əhəmiyyətli dərəcədə azaldır”.
İqtisadçı Fuad İbrahimov isə elektron ticarətin, xüsusilə, pandemiya dövründən sonra sürətlə inkişaf etdiyini deyib:
"Hazırda sahibkarların bir çoxu sosial şəbəkələrdən istifadə etməklə məhsullarını birbaşa istehlakçıya təqdim edir. Elektron ticarətin genişlənməsi xüsusilə məhsulu digər sahibkarlardan alaraq daha kiçik həcmdə satan ticarətçilərin dövriyyəsinə təsir göstərir. Həmçinin məhsulu birbaşa gətirib satan sahibkarlar da istehlakçıların bir hissəsini itirirlər. Sahibkarlar yeni vəziyyətə uyğunlaşmalı və özləri elektron ticarətin aktiv iştirakçılarına çevrilməlidirlər. "TikTok", "Facebook", "Instagram" və "Telegram" kimi platformalarda aktivliyin artırılması çox vacibdir”.

F.İbrahimovun sözlərinə görə, elektron ticarətin inkişafı gələcəkdə daşınmaz əmlak və icarə bazarına da ciddi təsir göstərə bilər:
"Növbəti 5-10 il ərzində bir sıra mağazalar fəaliyyətini dayandıra və ya başqa xidmət sahələrinə keçə bilər. Gələcəkdə bir çox məhsulların ənənəvi mağazalardan deyil, birbaşa anbarlardan müştərilərə çatdırılması daha geniş yayılacaq. Bu proses ticarət obyektlərinin hazırkı formatını əhəmiyyətli dərəcədə dəyişəcək”.
İradə Elsevər






