Bir ailə yayda nə qədər əlavə xərcə düşür? - RƏQƏMLƏR

Yay ayları bir çox ailə üçün istirahət, gəzinti və dəniz mövsümü olsa da, bu dövr ailə büdcəsinə ciddi yük də gətirir. İsti havalarda kondisionerin daha çox işləməsi, sərinləşdirici içkilər və dondurma, mövsümi meyvələr, çimərlik, restoran, uşaqların əyləncəsi və əlavə nəqliyyat xərcləri üç ay ərzində kifayət qədər böyük məbləğə çevrilir.
Sfera.az xəbər verir ki, 2026-cı ilin ilk yarısında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində adambaşına orta aylıq 525,7 manatlıq alış-veriş qeydə alınıb. Bunun 285,7 manatı ərzaq, 240 manatı isə qeyri-ərzaq məhsullarının payına düşüb. Dörd nəfərlik ailə üçün bu göstərici aylıq təxminən 2 102 manat, üç ay ərzində isə 6 308 manatlıq alış-veriş deməkdir.
Lakin yay mövsümündə adi xərclərlə yanaşı, ailənin büdcəsində əlavə məsrəflər də yaranır. Məsələn, isti havalarda kondisionerin daha uzun müddət işlədilməsi elektrik xərcini artırır. Orta hesabla aylıq əlavə 50-100 manat elektrik xərcinin yarandığını nəzərə alsaq, yalnız kondisionerə görə üç ay ərzində ailənin büdcəsindən 150-300 manat çıxa bilər.
Sərinləşdirici içkilər və dondurma isə ilk baxışdan böyük xərc kimi görünmür. Ancaq dörd nəfərlik ailənin hər gün orta hesabla 5 manat bu məhsullara xərcləməsi üç ayın sonunda 450 manat edir. Gündəlik xərc 8 manata yüksələrsə, məbləğ artıq 720 manata çatır.
Yay mövsümünün digər əsas xərclərindən biri də meyvə-tərəvəzdir. Qarpız, yemiş, şaftalı, ərik, nektarin və digər mövsümi məhsulların daha çox alınması ailənin market xərclərini artırır. Ayda əlavə 100-150 manatlıq belə alış-veriş üç ay ərzində 300-450 manat xərc yarada bilər. Çimərlik isə yay büdcəsində daha böyük paya sahib ola bilər.
2026-cı ildə Bakıda bəzi pullu çimərliklərdə giriş qiymətləri 25-50 manat arasında dəyişir. Dörd nəfərlik ailənin həftəsonu çimərliyə getməsi yalnız giriş üçün 140-200 manat tələb edə bilər. Ailə ayda iki dəfə belə istirahət etsə, üç ayda bu xərc 840-1 200 manata çata bilər.
Yayda ailələrin restoran və kafelərə müraciəti də artır. Dörd nəfərlik ailənin ayda iki dəfə kənarda yemək yediyini və hər səfərə orta hesabla 70-100 manat xərclədiyini hesablasaq, üç ay ərzində restoran və kafelərə 420-600 manat gedə bilər.
Uşaqların yay tətilində əylənməsi də ailə büdcəsinə təsirsiz ötüşmür. Oyun mərkəzləri, attraksionlar, kinoteatr, dondurma və digər əyləncələr üçün ayda 50-100 manat xərclənməsi üç ayda 150-300 manat əlavə xərc deməkdir.
Bütün bunlara nəqliyyat xərclərini də əlavə etmək lazımdır. Çimərliyə, parklara, şəhərdən kənara və müxtəlif istirahət məkanlarına səfərlər yanacaq və digər nəqliyyat xərclərini artırır. Ayda əlavə 70-130 manatlıq nəqliyyat xərcini nəzərə alsaq, üç ayda bu məbləğ təxminən 210-390 manat təşkil edir.
Beləliklə, dörd nəfərlik ailənin yay aylarında adi büdcədən əlavə yaranan xərcləri təxminən 2 520-3 960 manat arasında dəyişə bilər. Bu hesablamaya ailənin adi ərzaq, kirayə, kredit, kommunal və digər daimi ödənişləri daxil deyil. Yəni söhbət yalnız yay mövsümünün gətirdiyi əlavə xərclərdən gedir.
Başqa sözlə, orta səviyyədə yaşayan dörd nəfərlik bir ailə üçün yay üç ay ərzində təxminən 2,5-4 min manatlıq əlavə xərc yarada bilər.
Ən maraqlısı isə odur ki, bu pulun böyük hissəsi bir dəfəlik böyük alış-verişə deyil, hər gün əhəmiyyətsiz görünən xərclərə gedir. Bir neçə manatlıq içki, dondurma, əlavə yanacaq, həftəsonu çimərlik və restoranda hesab - ayrı-ayrılıqda kiçik görünən bu məbləğlər yayın sonunda ailə büdcəsində minlərlə manatlıq fərq yarada bilər.
Yəni yayın əsl qiyməti yalnız temperatur yüksəldikcə deyil, ailənin gündəlik xərcləri artdıqca da hiss olunur.
Firuzə Əliyeva
Sfera.az






