Dünyanın məşhur valyutalarında kimlərin şəkli var?

Dünyanın məşhur valyutalarında kimlərin şəkli var?
Kateqoriya məlum deyil
T

Pul yalnız iqtisadi vasitə deyil, həm də ölkələrin tarixini, mədəniyyətini və milli kimliyini əks etdirən bir simvoldur.

Dünyanın aparıcı valyutalarının üzərindəki portretlər təsadüfi seçilmir. Bu şəxslər adətən həmin ölkənin siyasi tarixində, elmində, ədəbiyyatında və ya dövlət quruculuğunda mühüm rol oynayan insanlardır.

ABŞ dolları – Benjamin Franklin

ABŞ dolları deyəndə ilk ağıla gələn simalardan biri Benjamin Franklindir. Maraqlıdır ki, 100 dollarlıq əskinasın üzərində onun şəkli olsa da, Franklin heç vaxt ABŞ prezidenti olmayıb.

O, ABŞ-ninn qurucu atalarından biri, diplomat, alim və ixtiraçı kimi tanınır. İstiqlal Bəyannaməsinin hazırlanmasında iştirak edən Franklin ABŞ-ın müstəqilliyinin əldə olunmasında mühüm rol oynayıb. ABŞ valyutasında əsasən prezidentlərin təsvirləri olsa da, Franklinin seçilməsi onun dövlət quruculuğuna, elmə və diplomatiyaya verdiyi töhfələrlə bağlıdır.

Avro – vahid Avropanın simvolu

Avro əskinaslarında konkret tarixi şəxslərin portretləri yoxdur. Bunun səbəbi avronun bir ölkəyə deyil, bir neçə Avropa dövlətinin ortaq valyutasına aid olmasıdır. Avro banknotlarında müxtəlif dövrlərin Avropa memarlığını əks etdirən pəncərə, qapı və körpü təsvirləri yerləşdirilib. Bu simvollar Avropanın açıq cəmiyyətini, əlaqələrini və xalqlar arasında birliyi ifadə edir. Yəni avronun üzərində bir lider yox, bütöv bir qitənin mədəni irsi təqdim olunur.

Britaniya funtu – monarxiyanın simvolu

Britaniya funt sterlinqinin üzərində uzun illər ərzində əsas sima kral ailəsinin üzvləri olub. Hazırda əskinasların üzərində Kral III Çarlzın təsviri yer alır. Əvvəllər isə funtun əsas siması Kraliça II Elizabet idi. O, dünyada ən uzun müddət taxtda qalan monarxlardan biri kimi tarixə düşüb. Britaniyada monarxın pul üzərində təsviri dövlət ənənəsinin və davamlılığın göstəricisi hesab olunur.

Yaponiya yeni – imperator və mədəniyyət simvolları

Yapon yeni əskinaslarında ölkənin elm, ədəbiyyat və təhsil sahəsində tanınmış şəxsləri təsvir olunur. Məsələn, 10 min yenlik əskinasda uzun müddət Fukuzava Yukitinin portreti olub. O, XIX əsrdə Yaponiyanın modernləşməsi və Qərb elminin ölkəyə gətirilməsi prosesində mühüm rol oynayıb. Yaponiya pul üzərində siyasətçilərdən daha çox elm və maarifçilik nümayəndələrinə üstünlük verir.

Çin yuanı – Mao Tszedun simvolu

Çin yuanının üzərində əsasən Mao Tszedunun portreti yerləşir. O, Çin Xalq Respublikasının qurucusu hesab olunur. Mao 1949-cu ildə yeni Çin dövlətinin yaradılmasına rəhbərlik edib. Onun təsviri yuanın üzərində ölkənin müasir tarixindəki siyasi dönüş nöqtəsini simvolizə edir.

Hindistan rupisi – Mahatma Qandi

Hindistan rupisinin üzərində Mahatma Qandinin təsviri var. O, Hindistanın müstəqillik hərəkatının əsas liderlərindən biri olub. Qandi zorakılığa qarşı mübarizə və dinc müqavimət ideyaları ilə bütün dünyada tanınır. Hindistan onun simasını milli birlik və azadlıq mübarizəsinin rəmzi kimi təqdim edir.

İsveçrə frankı – siyasətçilər yox, mədəniyyət və elm

İsveçrə frankı digər ölkələrdən fərqlənir. Onun üzərində əsasən siyasətçilər deyil, elm və incəsənət nümayəndələri yer alır. Məsələn, məşhur rəssam, heykəltəraş və memarlar İsveçrə valyutasında öz əksini tapıb. Bu seçim ölkənin neytral mövqeyini və mədəni irsə verdiyi önəmi göstərir.

Dünyanın aparıcı valyutalarına baxanda görünür ki, pul sadəcə ödəniş vasitəsi deyil. Onlar ölkələrin özünü necə təqdim etdiyini göstərən kiçik “tarix səhifələridir”.

Əzizə Zeynal

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR