Dolların gələcəyi ilə bağlı vacib açıqlama

ABŞ dollarının indeksi çərşənbə axşamı 100 bənd ətrafında qərarlaşıb, ABŞ dövlət istiqrazlarının gəlirliliyi isə neft qiymətlərinin ucuzlaşması fonunda geriləyib.
Sfera.az xəbər verir ki, bazarlarda ABŞ-İran gərginliyinin diplomatik yollarla həll oluna biləcəyinə dair nikbinliyin artması investorların ABŞ Federal Ehtiyat Sisteminin (FED) sentyabr ayında faiz dərəcəsini artıracağı ilə bağlı gözləntilərini zəiflədib.
Qətər vasitəçilərinin danışıqlarda irəliləyiş əldə olunduğunu bildirməsi, ABŞ-ın maliyyə naziri Skott Bessentin isə Hörmüz boğazının yenidən açılması ilə bağlı razılaşmanın çərşənbə axşamı və ya çərşənbə günü əldə oluna biləcəyini deməsi bazarlarda optimizmi gücləndirib.
Eyni zamanda açıqlanan iqtisadi göstəricilər də investorların diqqət mərkəzində olub. İyun ayında ABŞ-da açıq iş yerlərinin sayı gözləniləndən daha çox azalaraq 7,36 milyona enib. Ticarət kəsiri idxalın ixracdan daha sürətlə azalması hesabına daralıb. Zavod sifarişləri isə proqnozların əksinə olaraq 0,3% geriləyərək ardıcıl ikinci aylıq azalma nümayiş etdirib.
Bu məlumatlardan sonra bazarlar FED-in sentyabr ayında faiz artımına gedəcəyi ehtimalını 57%-ə endirib.
İnvestorlar indi FED-in gələcək pul-kredit siyasətinə dair daha aydın siqnallar əldə etmək üçün ADP məşğulluq hesabatı və cümə günü açıqlanacaq kənd təsərrüfatı sektoru istisna olmaqla məşğulluq (Nonfarm Payrolls) göstəricilərini gözləyirlər./metbuat






