Kooperativ binaları təmir olunacaq? – Millət vəkilindən TƏKLİF
Milli Məclisin deputatı Azay Quliyev SSRİ dövründə tikilmiş kooperativ yaşayış binalarının dövlət büdcəsi hesabına təmir edilməsini təklif edib.
Deputat təklifi parlamentin plenar iclasında “2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı səsləndirib. O bildirib ki, kooperativ binalar dövlətin balansında olmadığı üçün yaşayış binalarının təmirinə nəzərdə tutulan 60 milyon manatlıq vəsaitdən yararlana bilmir. Deputat həmin binaların dövlətin balansına götürülməsini və ya onların təmiri üçün birdəfəlik vəsait ayrılmasını təklif edib.
Bəs sovet dövründən qalan bu binalar sakinlər üçün təhlükə yaradırmı? İlk növbədə hansı tikililər yoxlanılmalı və təmir edilməlidir?
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc Sfera.az-a açıqlamasında bildirib ki, təmirə ehtiyac müəyyənləşdirilərkən əsas meyar binanın faktiki texniki vəziyyəti və sakinlərin təhlükəsizliyi olmalıdır:
“Həmin dövrdə inşa edilmiş tikililər arasında bu gün də normal istismar vəziyyətində olanlar var. Bununla yanaşı, xüsusilə 1960-1980-ci illərdə kütləvi şəkildə inşa edilən panel və sənaye üsullu yaşayış binalarının bir qismi uzunmüddətli istismar, materialların köhnəlməsi və vaxtında əsaslı təmir aparılmaması səbəbindən əlavə müayinəyə ehtiyac duyur”.
Ekspertin sözlərinə görə, ilk növbədə 1960-1970-ci illərdə tikilmiş binalar yoxlanılmalıdır:
“Eyni zamanda daşıyıcı konstruksiyalarında çatlar, beton örtüyünün qopması, armaturun korroziyası, bünövrəsində isə çökmə və ya deformasiya əlamətləri müşahidə olunan binalar yoxlanılmalıdır. Mənzillər və ya zirzəmilər yenidən qurularkən daşıyıcı divarlara, sütunlara və digər konstruktiv elementlərə müdaxilə edilmiş binalar da müayinə olunmalıdır. Belə dəyişikliklər binanın ümumi dayanıqlığına, o cümlədən zəlzələ zamanı davranışına təsir göstərə bilər”.

V.Oruc qeyd edib ki, bəzi sovet tikililərinin layihələndirildiyi dövrdə qüvvədə olan seysmik tələblər indiki normalardan fərqlənib:
“Buna görə də həmin binaların zəlzələyə dayanıqlığının müasir tələblər əsasında yoxlanılması məqsədəuyğundur. Dam örtüyünün dəyişdirilməsi, fasadın yenilənməsi, pilləkən qəfəslərinin təmiri və kommunikasiya xətlərinin bərpası vacib işlərdir. Ancaq daşıyıcı konstruksiyalarda problem olan binalarda yalnız belə təmir tədbirləri təhlükəsizliyi təmin etmir. Belə hallarda mühəndis müayinəsi əsasında konstruksiyaların gücləndirilməsi, zəruri olduqda isə daha geniş rekonstruksiya tədbirləri nəzərdə tutulmalıdır”.
İqtisadçı hesab edir ki, ilkin mərhələdə köhnə yaşayış binaları texniki inventarlaşdırılmalı və risk səviyyəsinə görə qruplaşdırılmalıdır:
“Daşıyıcı konstruksiyaları zədələnmiş və ya sonradan müdaxiləyə məruz qalmış, əsaslı təmir görməmiş, yaxud mühəndis-kommunikasiya sistemləri ciddi aşınmış binalar prioritet siyahıya daxil edilməlidir. Müayinənin nəticəsinə əsasən hər bir binanın cari təmirə, əsaslı təmirə və ya konstruktiv gücləndirməyə ehtiyacı müəyyənləşdirilməlidir. Əgər binada sakinlərin həyatı üçün real təhlükə yaradan texniki qüsurlar mövcuddursa, bu problemin həlli mülkiyyət formasından asılı olmayaraq nəzərdən keçirilməlidir. Bununla belə, dövlət vəsaitinin ayrılması üçün hər bir binanın texniki vəziyyəti, görüləcək işlərin həcmi və smeta dəyəri əvvəlcədən müəyyənləşdirilməlidir.
Riskli binalar müəyyənləşdirildikdən sonra təmir və gücləndirmə işləri mərhələli şəkildə aparılmalıdır. Dövlət dəstəyi ilə görülən işlərdən sonra isə binaların saxlanılması, ümumi əmlakın qorunması və müntəzəm texniki nəzarət üçün mexanizm yaradılmalıdır”.
Şahanə Ziyad






