Gündəlik ödənişlər çətinləşəcək? - Köçürmələrə məhdudiyyət qoyulur

Avqustun 1-dən Azərbaycanda bank kartları ilə kartdan-karta köçürmələrə yeni məhdudiyyətlər tətbiq olunub. Yeni qaydalara əsasən, bir kart vasitəsilə gün ərzində maksimum 5 köçürmə etmək və 5 köçürmə qəbul etmək mümkün olacaq.
Qərarın məqsədi şəffaflığın artırılması, maliyyə fırıldaqlarının, vergidən yayınma və qanunsuz mərc oyunlarının qarşısının alınması kimi göstərilsə də, bu dəyişiklik gündəlik ödənişlərdə vətəndaşlar üçün çətinlik yaradacağı ilə bağlı suallar doğurur.
Qərarla bağlı hələlik yalnız Azər Türk Bank rəsmi məlumat yayıb. Digər banklar isə müştərilərini yeni məhdudiyyətlər barədə əvvəlcədən məlumatlandırmayıb.
Müasir dövrdə kartdan-karta köçürmələr insanların gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Bir ailə üzvü gün ərzində bir neçə dəfə övladına və ya valideyninə pul göndərə bilər. İş yoldaşları alış-veriş zamanı bir-birinə vəsait köçürür, dostlar restoranda və ya kafedə hesabı bir nəfərin kartı ilə ödədikdən sonra digərləri öz payını ona kart vasitəsilə göndərir. Onlayn alış-veriş, çatdırılma xidmətləri və digər xırda ödənişlər də gün ərzində kartdan-karta əməliyyatların sayını artırır. Belə olan halda, gün ərzində cəmi 5 köçürmə limitinin müəyyən edilməsi vətəndaşların gündəlik maliyyə əməliyyatlarını məhdudlaşdıra bilər.
Məsələn, limitini dolduran şəxs təcili ehtiyac yarandıqda yaxınlarına vəsait göndərə və ya borcunu qaytara bilməyəcək. Bu isə "pulunu sabah göndərərsən" kimi real həyatda hər zaman mümkün olmayan vəziyyətlər yarada bilər. Digər tərəfdən, hökumət və Mərkəzi Bank hesab edir ki, bu addım kartlardan qanunsuz məqsədlərlə istifadənin qarşısını almağa, maliyyə axınlarını daha şəffaf etməyə və dələduzluq hallarını azaltmağa kömək edəcək.
Lakin yeni qaydaların adi vətəndaşların gündəlik ödənişlərinə necə təsir göstərəcəyi və tətbiq edilən limitlərin yenidən nəzərdən keçirilib-keçirilməyəcəyi hələlik açıq sual olaraq qalır. Bu səbəbdən də qərarın məqsədi ilə yanaşı, onun praktik nəticələri də ciddi müzakirə mövzusuna çevrilib.
Bəs bu qərar praktikada nə dərəcədə effektiv olacaq?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, tətbiq olunan məhdudiyyət yalnız kartdan-karta köçürmələrə aiddir və POS-terminal vasitəsilə həyata keçirilən alış-veriş əməliyyatlarını əhatə etmir.

Onun sözlərinə görə, vətəndaşlar mağazada və ya digər ticarət obyektlərində POS-terminal vasitəsilə əvvəlki qaydada ödəniş edə biləcəklər:
"Burada söhbət yalnız bir şəxsin digər şəxsin bank kartına etdiyi köçürmələrdən gedir. Mağazada POS-terminal vasitəsilə edilən ödənişlərə heç bir məhdudiyyət tətbiq olunmur. Əslində, ticarət obyektləri də ödənişləri POS-terminal vasitəsilə qəbul etməlidirlər. Şəxsi karta vəsait köçürülməsi isə əksər hallarda vergidən yayınma məqsədi daşıyır".
Ekspert bildirib ki, kartdan-karta köçürmələrdən qanunsuz məqsədlərlə istifadənin qarşısını almağın daha effektiv və sivil üsulları mövcuddur:
"Dünyanın inkişaf etmiş ölkələrində maliyyə monitorinqi sistemi işləyir. Maliyyə qurumları vəsaitin kimdən kimə köçürüldüyünü izləyir, insanlar isə ildə bir dəfə gəlir və əmlakları barədə bəyannamə təqdim edirlər. Uyğunsuzluq aşkar edilərsə, araşdırma aparılır və qanun pozuntusuna görə məsuliyyət müəyyən edilir".
Ə.Həsənovun sözlərinə görə, Azərbaycanda ümumi gəlir və əmlak bəyannaməsi sistemi tam tətbiq olunmadığı üçün nəzarət daha sərt məhdudiyyətlərlə həyata keçirilir:
"Azərbaycanda vətəndaşlar gəlir və əmlakları barədə illik bəyannamə təqdim etmirlər. Hətta məmurlar üçün belə bu mexanizm illərdir tam tətbiq edilmir. Nəticədə, nəzarətin daha müasir üsulları əvəzinə, kartdan-karta köçürmələrə limit qoyulması kimi inzibati tədbirlərə üstünlük verilir".
İqtisadçı hesab edir ki, bu qərar əsasən vergidən yayınmanın qarşısını almağa yönəlsə də, praktikada gözlənilən nəticəni verməyə bilər:
"Sahibkar şəxsi kartına ödəniş qəbul edirsə və limiti doldurursa, sadəcə ailə üzvlərinin və ya yaxınlarının kartlarından istifadə edə bilər. Yəni bu məhdudiyyəti texniki baxımdan aşmaq çətin deyil. Buna görə də qərarın vergidən yayınmanın qarşısını tam alacağını düşünmürəm".
Ekspertin fikrincə, qərarın digər mənfi tərəfi nağdsız ödənişlərin azalması riskidir:
"Belə məhdudiyyətlər bəzi sahibkarları yenidən nağd hesablaşmalara sövq edə bilər. Halbuki nağdsız ödənişlər dövlət üçün daha şəffafdır və maliyyə dövriyyəsinin izlənilməsinə imkan yaradır. Nağd ödənişlərin artması isə əksinə, nəzarəti çətinləşdirə bilər".
Əkrəm Həsənov əlavə edib ki, aylıq məbləğ limiti əksər vətəndaşlara ciddi təsir etməsə də, bəzi hallarda insanların maliyyə hüquqlarını məhdudlaşdıra bilər:
"Məsələn, kiminsə sizə böyük məbləğdə borcu varsa və həmin vəsaiti kartınıza köçürmək istəyirsə, tətbiq olunan limit buna mane ola bilər. Belə hallar çox olmasa da, vətəndaşın öz vəsaitindən istədiyi kimi istifadə imkanının məhdudlaşdırılması baxımından suallar yaradır".
Ekspert hesab edir ki, uzunmüddətli perspektivdə problemin həlli kartdan-karta köçürmələrə limit qoymaq deyil, maliyyə şəffaflığını təmin edən müasir nəzarət mexanizmlərinin tətbiqidir.
Firuzə Əliyeva
Sfera.az






