Çoxunun evində hələ də var: atmağa tələsməyin!

Son günlər sosial şəbəkələrdə özəlləşdirmə çeklərinə görə guya kompensasiya verildiyi, qeydiyyatdan keçənlərin pul alacağı ilə bağlı paylaşımlar geniş yayılıb. Daxili İşlər Nazirliyi və Medianın İnkişafı Agentliyi bu məlumatların saxta olduğunu açıqlayıb və vətəndaşları ehtiyatlı olmağa çağırıb. Sözügedən xəbərdən sonra illərdir evində özəlləşdirmə çeklərini saxlayan minlərlə insan yenidən eyni sualı verir.
Bu çeklərin indi hansısa dəyəri varmı, yoxsa artıq heç bir əhəmiyyəti yoxdur? Evində belə çeklər olan vətəndaşlar onları saxlamalıdır, yoxsa artıq heç bir qüvvəsi olmadığı üçün atmaq olar? Gələcəkdə bu çeklərə görə kompensasiya ödənilməsi ehtimalı varmı?
Sfera.az bildirir ki, Globalinfo.az-a danışan hüquqşünas Ellada Bayramova deyib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlət əmlakının özəlləşdirilməsi məqsədilə vauçer sistemi tətbiq olunub:
“Bunun hüquqi əsasını “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanun və həmin dövrdə qəbul edilmiş Dövlət Özəlləşdirmə Proqramları təşkil edib. Proqramlara əsasən vətəndaşlara özəlləşdirmə çekləri verilir, onlar bu çeklərlə dövlət müəssisələrinin səhmlərini əldə edə, hərraclarda iştirak edə və özəlləşdirilən əmlakı ala bilirdilər. Bu çeklər pul vəsaiti deyil, dövlət əmlakının özəlləşdirilməsi prosesində iştirak hüququ verən xüsusi qiymətli sənəd hesab olunurdu. Özəlləşdirmə proqramı başa çatdıqdan sonra çeklərin dövriyyəsi də dayandırılıb. Hazırda qüvvədə olan qanunvericilikdə özəlləşdirmə çeklərindən istifadə edilməsi, onların nağd pula dəyişdirilməsi və ya dövlət tərəfindən kompensasiya ödənilməsi nəzərdə tutulmur. Buna görə də bu çeklərlə dövlət əmlakı almaq, səhm əldə etmək, hərraclarda iştirak etmək və ya dövlət orqanından kompensasiya tələb etmək mümkün deyil”.
Hüquqşünas bildirib ki, qüvvədə olan qanunvericilikdə özəlləşdirmə çeklərinin sahiblərinə kompensasiya ödənilməsini nəzərdə tutan hər hansı norma yoxdur:
“Bu barədə dövlət proqramı qəbul edilməyib, Nazirlər Kabinetinin qərarı, Prezident fərmanı və ya səlahiyyətli dövlət orqanının təsdiqlədiyi kompensasiya mexanizmi də mövcud deyil. Bu səbəbdən vətəndaşların hazırda kompensasiya tələb etməsi üçün hüquqi əsas yoxdur. Ona görə də vətəndaşlar sosial şəbəkələrdə yayılan “kompensasiya verilir”, “qeydiyyatdan keçin”, “çekinizi təqdim edin”, “kart məlumatlarınızı daxil edin” kimi çağırışlara aldanmasınlar. Gələcəkdə kompensasiya verilməsi nəzəri cəhətdən mümkündür. Lakin bu, yalnız yeni qanun, Prezident fərmanı və ya digər normativ hüquqi akt qəbul ediləcəyi halda baş verə bilər.
Hazırda özəlləşdirmə çekləri hüquqi dövriyyədə istifadə edilmir, lakin onların gələcəkdə mümkün qanunvericilik dəyişiklikləri baxımından saxlanılması məqsədəuyğun hesab oluna bilər. Çünki gələcəkdə kompensasiya mexanizmi müəyyən edilərsə, onun hansı şərtlərlə veriləcəyi yalnız həmin hüquqi aktda göstəriləcək. İndidən çekin fiziki surətinin tələb olunacağını, yoxsa dövlət reyestrlərindəki məlumatların əsas götürüləcəyini demək mümkün deyil. Buna görə də hüquqi ehtiyatlılıq baxımından çeklərin məhv edilməsi tövsiyə olunmur”.
Qeyd edək ki, özəlləşdirmə çekləri (vauçerlər) Azərbaycanda bazar iqtisadiyyatına keçid çərçivəsində 1997-ci ildən tətbiq olunmağa başlayıb və vətəndaşlara dövlət müəssisələrinin özəlləşdirilməsində iştirak etmək imkanı verirdi. Bu sistem təkcə Azərbaycanda deyil, 1990-cı illərdə Çexiya, Slovakiya, Rusiya, Qazaxıstan, Litva, Latviya və Estoniya kimi bir sıra post-sosialist ölkələrdə də dövlət əmlakının özəl sektora ötürülməsi üçün istifadə olunub.
