“Xalq Bank” üçün ciddi XƏBƏRDARLIQ: "Moody's" diqqəti bu problemə çəkdi

Beynəlxalq reytinq agentliyi "Moody's Ratings" "Xalq Bank" ASC-nin uzunmüddətli yerli və xarici valyutada depozit reytinqlərini "Ba3" səviyyəsində təsdiqləyib, reytinq üzrə proqnozu isə "stabil" saxlayıb.
Sfera.az Plat.az-a istinadla bildirir ki, agentlik bankın maliyyə vəziyyətini ümumilikdə sabit qiymətləndirsə də, kredit və depozit portfelində yüksək konsentrasiyanın əsas risklərdən biri olaraq qaldığını bildirib.
"Moody's"in hesabatına görə, 2025-ci ilin sonunda bankın problemli kreditlərinin (Stage 3) ümumi kredit portfelində payı 5,9% təşkil edib və əvvəlki illə müqayisədə dəyişməyib. Agentlik qeyd edib ki, bankın ilk 20 krediti ümumi kredit portfelinin 40%-dən çoxunu təşkil edir ki, bu da aktivlərin keyfiyyətini iri borcalanlardan asılı vəziyyətə salır.
Bankın 2025-ci il üzrə maliyyə hesabatına əsasən, kredit portfeli 1 milyard 851 milyon manat olub. Bu isə o deməkdir ki, ilk 20 iri kreditin həcmi 740 milyon manatdan çox, bir iri kredit üzrə orta məbləğ isə ən azı 37 milyon manatdır.
"Moody's" maliyyələşmə bazasında da yüksək konsentrasiyanın davam etdiyini vurğulayıb. Hesabata görə, ilk 20 əmanətçi bankın ümumi depozitlərinin təxminən 50%-ni formalaşdırır. Bankın maliyyə hesabatına əsasən, 2025-ci ilin sonunda depozit portfeli 1 milyard 921 milyon manat təşkil edib. Bu isə ilk 20 iri əmanətçinin bankda 960,5 milyon manata yaxın vəsait saxladığını, bir iri əmanətçiyə isə orta hesabla 48 milyon manat depozit düşdüyünü göstərir.
Agentlik hesab edir ki, bu risklər bankın iri müştərilərlə uzunmüddətli münasibətləri hesabına qismən yumşaldılır. Bununla belə, "Moody's" konsentrasiyanın yüksək olaraq qaldığını qeyd edib.
Bununla yanaşı, agentlik bankın güclü kapital mövqeyini, yüksək gəlirliliyini, kifayət qədər likvidliyini və sabit depozit bazasını reytinqi dəstəkləyən əsas amillər kimi qiymətləndirib. Maddi adi kapitalın (TCE) risk çəkili aktivlərə (RWA) nisbəti 2025-ci ilin sonunda 22,9% olub.
"Moody's" bildirib ki, aktiv keyfiyyətinin yaxşılaşması, iri kreditlər üzrə konsentrasiyanın azalması və gəlirliliyin artması gələcəkdə reytinqin yüksəldilməsi üçün əsas amillər ola bilər. Əksinə, gəlirlərin azalması, aktiv risklərinin artması və ya dövlət dəstəyi ehtimalının zəifləməsi reytinqə mənfi təsir göstərə bilər.
