Məşhur avtomobil şirkəti yeni modelini təqdim etdi

Cənubi Koreyanın avtomobil istehsalçısı “Kia” münasib qiyməti və uzun yürüş ehtiyatı ilə seçilən yeni elektrikli kompakt SUV modeli “Syros EV”ni təqdim edib.
Sfera.az xəbər verir ki, qlobal elektromobil bazarında rəqabət sürətlə artdığı bir vaxtda təqdim olunan yeni model daha çox münasib qiymətə elektrik avtomobili almaq istəyən alıcılara hesablanıb.
Hazırda Hindistan bazarında ön sifarişə açılan “Syros EV” yüksək kuzov quruluşunu qorumaqla yanaşı, müasir dizayn elementləri ilə də diqqət çəkir. Avtomobil “Digital Tiger Face” adlı yeni ön hissə dizaynı, gizlədilmiş qapı tutacaqları və panoramik şüşə dam ilə təchiz olunub.
Salon hissəsində geniş rəqəmsal ekranlar, ön və arxa ventilyasiyalı oturacaqlar, səkkiz dinamikli Harman Kardon səs sistemi, smartfonlar üçün simsiz enerji doldurma funksiyası və xarici cihazları enerji ilə təmin edən V2L (Vehicle-to-Load) texnologiyası təqdim edilir.
Texniki göstəricilərə gəlincə, giriş səviyyəli versiya 42 kVt/saat tutumlu batareya ilə 443 kilometr, daha yüksək komplektasiya isə 51,4 kVt/saat batareya ilə 526 kilometrə qədər yürüş ehtiyatı təklif edir.
Modelin ən güclü versiyası 170 at gücü hasil edir. Bundan əlavə, 100 kVt gücündə DC sürətli enerji doldurma sistemi sayəsində batareyanın enerji səviyyəsini cəmi 39 dəqiqəyə 80 faizə qədər artırmaq mümkündür.
Təhlükəsizlik baxımından avtomobil standart olaraq altı hava yastığı, 360 dərəcə görüntü kamerası və daxili videoqeydiyyat sistemi ilə təchiz edilib. Ən yüksək komplektasiyada isə 2-ci səviyyəli ADAS sürücüyə yardım sistemi də mövcuddur.
Məlumata görə, “Kia Syros EV” modelinin başlanğıc qiymətinin təxminən 19 min 200 ABŞ dolları olacağı gözlənilir. Bu halda avtomobil markanın Hindistan bazarında satışa çıxardığı ən sərfəli elektrikli model olacaq.
Bəsti Rəfizadə
