"Özümüzü toxumluq buğda ilə təmin edə bilmirik" - Millət vəkili

"Özümüzü toxumluq buğda ilə təmin edə bilmirik" - Millət vəkili
Kateqoriya məlum deyil
T

"Azərbaycanda toxum ehtiyatlarının istehsaldakı payının artırılmasına ehtiyac var".

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Vüqar Bayramov deyib.

Deputat bildirib ki, Prezident tərəfindən təsdiqlənən "2026–2030-cu illər üçün kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair Dövlət Proqramı" aqrar sektorun inkişafı üçün mühüm hədəflər müəyyənləşdirib:

"Qlobal səviyyədə istehsal edilən buğdanın 15 faizə qədəri toxum üçün saxlanılır. Kənd təsərrüfatı üzrə ixtisaslaşmış ölkələrdə toxumluq buğdanın 85 faizə qədəri yerli istehsal hesabına ödənilir. Azərbaycanda buğda ehtiyatı 3 milyon 343 min ton, istehsal 1 milyon 649 min ton, toxumluq buğda isə 111 min 447 tondur. Bu isə toxumluq buğdanın ehtiyatlarla müqayisədə 3,3 faiz, istehsalla müqayisədə isə 6,7 faiz paya malik olduğunu göstərir".

Deputat qeyd edib ki, tərəvəz və bostan məhsulları üzrə də toxum ehtiyatlarının həcmi istehsalla müqayisədə olduqca aşağıdır:

"Tərəvəz məhsulları üzrə ehtiyatımız 2 milyon 237 min ton, istehsal 1 milyon 838 min ton, toxum isə cəmi 1 063 tondur. Bostan məhsulları üzrə ehtiyat 494 min 591 ton, istehsal 490 min 558 ton olduğu halda, toxumluq məhsul cəmi 290 tondur. Göründüyü kimi, toxum ehtiyatları üzrə istehsalın payının artırılmasına ehtiyac var. Bu, həm dövlət proqramının əsas istiqamətlərindəndir, həm də idxalın azalmasına səbəb ola bilər".

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ