Qadınların pensiya yaşı azaldıla bilər? – Yeni sistemlə bağlı AÇIQLAMA

Azərbaycanda 1 iyul 2026-cı ildən etibarən qadınların da pensiya yaşı 65-ə çatdırılaraq kişilərlə eyniləşdirilib. Dəyişiklik cəmiyyətdə fərqli fikirlərə səbəb olub. Bir qisim hesab edir ki, qadınlar daha tez, hətta 60 yaşında pensiyaya çıxmalıdırlar. Digərləri isə sosial vəziyyət və məşğulluq imkanları nəzərə alınaraq insanların daha uzun müddət işləməsinin vacib olduğunu bildirirlər. Eyni zamanda, regionlarda iş imkanlarının məhdud olması səbəbindən əhalinin paytaxta axını davam edir ki, bu da Bakıda sıxlıq və məşğulluq problemlərini daha da artırır.
Pensiya yaşının artırılması fonunda həm məşğulluq problemini, həm də regionlardan Bakıya miqrasiyanı azaltmaq üçün hansı addımlar atılmalıdır? Regionlarda hansı sahələrin inkişafı yeni iş yerlərinin yaranmasına real töhfə verə bilər?
Sfera.az bildirir ki, Globalinfo.az-a danışan iqtisad elmləri doktoru, professor Rəsmiyyə Sabir (Abdullayeva) bildirib ki, pensiya yaşının artırılması cəmiyyət tərəfindən birmənalı qarşılanmır:
“Xüsusilə qadınların əksəriyyəti pensiya yaşının yüksəldilməsinə müsbət yanaşmır. Bu məsələ xüsusilə sosial ədalət və əmək bazarındakı reallıqlar fonunda geniş müzakirə olunur”.
Professor vurğulayıb ki, dünyada qadın və kişilər üçün pensiya yaşının eyni olduğu ölkələr də var, fərqli müəyyənləşdirildiyi ölkələr də:
“Bununla belə, cəmiyyətdə əsas narazılıq doğuran məqam pensiya yaşının mərhələli şəkildə artırılmasıdır. İnsanlar haqlı olaraq Azərbaycandakı pensiya yaşını qonşu ölkələrlə müqayisə edir və narazılıqlarını dilə gətirirlər.
Pensiya yaşının mərhələli şəkildə artırılması pensiya sisteminin uzunmüddətli maliyyə dayanıqlığının təmin edilməsinə xidmət edir. Ümumilikdə pensiya yaşının müəyyənləşdirilməsi zamanı bir sıra əsas amillər nəzərə alınır: demoqrafik struktur, işləyən əhali ilə pensiyaçıların nisbəti, sosial sığorta daxilolmaları, doğulanda gözlənilən ömür uzunluğu və digər göstəricilər. Müqayisəli statistika göstərir ki, doğulanda gözlənilən ömür uzunluğu baxımından Azərbaycan region ölkələrindən ciddi şəkildə fərqlənmir. Dünya Bankının məlumatlarına əsasən, 2024-cü ildə bu göstərici Rusiyada 73, Azərbaycan və Qazaxıstanda 75, Türkiyədə 77, İranda isə 78 il təşkil edib. Buna baxmayaraq, Azərbaycanda pensiya yaşı daha yüksəkdir. Hazırda ölkədə pensiya yaşı 65-dir”.
Müqayisə üçün iqtisadçı qeyd edib ki, Rusiyada pensiya yaşı kişilər üçün 65, qadınlar üçün 60, Qazaxıstanda müvafiq olaraq 63 və 61, Türkiyədə 60 və 58, İranda isə 60 və 55-dir:
“Bu müqayisə göstərir ki, Azərbaycanda doğulanda gözlənilən ömür uzunluğu ilə pensiya yaşı arasındakı fərq təxminən 10 ildir. Halbuki Avropanın əksər ölkələrində bu interval 15-20 il arasında dəyişir. Qonşu ölkələrdə də bu fərq Azərbaycanla müqayisədə daha yüksəkdir”.
Ekspert deyib ki, regionlardan paytaxta axının əsas səbəbi əməkhaqqının, xidmətlərin və iş imkanlarının əsasən Bakıda cəmlənməsidir. Buna görə də problem yalnız pensiya yaşı ilə deyil, iqtisadiyyatın balanssız inkişafı ilə bağlıdır. Professorun sözlərinə görə, regionlarda məşğulluğun artırılması üçün ilk növbədə yerli iqtisadi potensiala uyğun ixtisaslaşma aparılmalıdır.
R.S.Abdullayeva vurğulayıb ki, pensiya yaşının artırılması fonunda xüsusilə 50 yaşdan yuxarı şəxslər üçün əmək bazarında ayrıca proqramların hazırlanmasına ehtiyac var.v
