"Servis haqqı" ləğv edilməlidir: "Əlavə ödəniş işçiyə çatmır"

Türkiyə hökumətinin qərarı ilə iaşə müəssisələrində ayrıca "servis pulu"nun hesablanması qadağan edilib. Bunun səbəbi "servis pulu"nun işçilərə verilməməsidir. Bundan sonra "servis pulu" könüllü olacaq, yəni müştəri istədiyi halda ödəyəcək, xidmətin haqqı əvvəlcədən qiymətə daxil edilməyəcək.
Qeyd edək ki, Azərbaycanda da restoran və kafelər Türkiyə təcrübəsindən bəhrələnərək ümumi qiymətə servis pulu daxil edirlər.
Türkiyədəki qərar göstərir ki, "servis haqqı"nın tətbiqi effektiv deyil, bu, həm istehlakçı xərclərini artırır, həm də xidmət göstərən işçilər üçün əlavə gəlir imkanı yaratmır.
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı-ekspert Asif İbrahimov bildirib ki, hər hansısa məhsulun və ya xidmətin yekun qiymətini formalaşdıran amillər onun ərsəyə gəlməsində çəkilən xərclərdir:
“İctimai iaşə obyektlərindən nümunə götürsək, tələb olunan xammalın, işçilərin xərci, kommunal xərcləri, varsa icarə haqqı, daşıma xərcləri toplanılır, üzərinə 15-20 faiz mənfəət əlavə edilir. Bundan sonra yekun qiymət formalaşır”.

Ekspert qeyd edib ki, servis pulu isə ümumi tendesiyadan götürülüb:
“Bu təcrübə Türkiyədə geniş yayılmışdı, Avropa ölkələrində isə çox az idi. Buna biz "çay pulu" deyirik. 10-15 faiz əlavə pul hesabın üstünə gəlir. Türkiyə isə bunu rəsmiləşdirmişdi. Sadəcə sonradan məlum oldu ki, həmin pul işçilərə çatmır. İndi də bu qayda ləğv olunub və servis haqqı könüllü olub. Müştəri istəsə, bu pulu verə bilər”.
Mütəxəssis bu yanaşmanı məqsədəuyğun hesab edir:
“Bu, ən düzgün variantdır. Belə yanaşmalar müştəri məmnuniyyətinin artırılmasına da öz təsirini göstərir”.
Firuzə Əliyeva
Sfera.az
