Bahalı xidmətlər və gizli servis haqları: Turizmin görünməyən problemi

2025-ci ilin yanvar-oktyabr ayları dövründə Azərbaycana 183 ölkədən turist səfərlərinin sayı 2 171 000 olub. Bu 2024-cü ilin eyni dövrü ilə müqaisədə 1.7% azalma deməkdir. Avropa ölkələrindən olan turist sayı 167 740 olub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 21.7% azalma deməkdir. Bu dövrdə səfərlərin 24.4% Rusiyadan, 17.4% Türkiyədən, 8%İrandan, 6.6% Hindistandan, 2.4% Çindən olub.
Bəs turist səfərlərinin azalması nə ilə əlaqəli ola bilər?
Sfera.az xəbər verir ki, mövzu ilə bağlı danışan İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli bildirib ki, quru sərhədlərimizin bağlı olması, digər tərəfdən regionda, əsasən də Gürcüstan və Türkiyədə bu sahədə güclü rəqabətin mövcud olması turist səfərlərinin azalmasına öz təsirini göstərir.
Onun sözlərinə görə, bunlar obyektiv təsirlərdir.

E.Kərimli qeyd edib ki, subyektiv təsirləri də nəzərdən qaçırmaq olmaz:
“Belə ki, əsas problemlərdən biri də, xidmət sektorunda çox zamanlar turistlərə olan xidmətin nisbətən daha baha olmasıdır. Gördüyümüz çox yerlərdə - muzeylər, tarixi məkanlar, restoranlarda, hətta təyyarə biletlərində belə çox zaman xarici qonaqlar üçün daha baha xidmət haqqı təyin olunur. Restoranlarda bəzi hallarda şişirdilmiş qiymətlər, əsaslandırılmamış servis haqqlarına şahid oluruq. Sözsüz ki, bunlar da turistlərin gözündən yayınmır və səfər haqqında təəssüratlara mənfi təsir göstərir”.
Mütəxəssis nəzərə çatdırıb ki, bu cür hallara ciddi nəzarət edilməlidir, turistlərə qarşı bu cür yanaşmaların qarşısı alınmalıdır:
“Restoranlarda əsaslandırılmamış servis haqqları ümumiyyələ ləğv edilməlidir. Bu günlərdə Gürcüstanda da ləğv edildi. Digər tərəfdən turistlər üçün qiymətlər daha baha olmamalı, yerli qiymətlərə bərabər olmalıdır. Azərbaycan qiymətlərin əlverişli olması hesabına çox turist cəlb edə bilər. Bu gün xidmət sektorunda göstərilən xidmətin keyfiyyətinin uyğunlaşdırılması üzrə ciddi işlər aparılmalıdır”.
Firuzə Əliyeva
Sfera.az
