"Banklarda pul çoxalıb, amma..." - AÇIQLAMA

Azərbaycanda əhalinin banklarda saxladığı əmanətlərin həcmi 15,9 milyard manatı ötüb. Son bir ildə depozitlərdə 11 faizdən artıq artım qeydə alınsa da, ekspertlər bu göstəricinin ölkənin ümumi maliyyə potensialı ilə müqayisədə hələ də aşağı olduğunu bildirirlər.
Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı Asif İbrahimovun sözlərinə görə, ölkəyə daxil olan pul axınını nəzərə aldıqda mövcud əmanət portfeli aşağı görünür:

"Son 20 ildə əhalinin gəlir səviyyəsi, xaricdə çalışan azərbaycanlıların göndərdiyi vəsaitlər və daşınmaz əmlak kimi aktivlərə yönələn on milyardlarla manat nəzərə alınanda banklarda cəmi 15,9 milyard manat əmanətin olması çox aşağı göstəricidir. Təkcə illik əməkhaqqı fondu 20 milyard manat civarındadır, bunun üzərinə təxminən 2 milyard manatlıq miqrant vəsaitlərini də əlavə etsək, ölkəyə kifayət qədər böyük maliyyə axını olur”.
Ekspert əmanətlərin yüksək olmamasının səbəbinin ilk növbədə banklara etimadın zəifliyindən irəli gəldiyini vurğulayıb:
“Post sovet ölkələrinin əksəriyyətində olduğu kimi əhalidə banklara qarşı müəyyən inamsızlıq var. 90-cı illərdə əmanət fondlarının yaşadığı problemlər orta və yaşlı nəsildə travma yaradıb. İnsanlar bu gün də vəsaitlərini bankdan çox daşınmaz əmlakda, qızılda və ya evdə nağd şəkildə saxlamağa üstünlük verirlər. Statistikaya baxanda əhalinin gəlirinin böyük hissəsini ərzağa xərclədiyini də görürük”.
Bununla belə, iqtisadçı qeyd edib ki, son bir ildə əmanətlərdə 11 faizlik artım bank sektoruna inamın artmasından xəbər verir, lakin ümumi iqtisadi göstəricilərlə müqayisədə depozit həcmi yenə də aşağıdır:
"ÜDM 100 milyard manatı ötərkən 15,9 milyard manat əmanət kifayət qədər kiçik rəqəmdir, amma artım tendensiyası müsbət haldır".
İqtisadçı Əkrəm Həsənov isə bildirib ki, depozitlər artsa da, bu artım əhalinin maddi vəziyyətinin yaxşılaşması ilə əlaqəli deyil:

“Əgər sırf rəqəmlərə baxsaq, əhalinin gəliri azalır, amma əmanətlər artır. Bu, o demək deyil ki, sadə vətəndaş daha çox pul yığıb. Banklardakı vəsaitlərin böyük hissəsi varlı təbəqəyə, yüksək gəlir əldə edən şəxslərə məxsusdur. Əvvəllər bu insanlar pullarını biznesə yatırırdılar, amma hazırda Azərbaycanda biznes riskli və perspektivsiz sayıldığından banklarda saxlanılır”.
Onun sözlərinə görə, banklarda olan vəsaitlərin bir qismi faktiki olaraq xarici mənbələrdən daxil olur:
“Manatla əmanət faizləri 12 faizə qədər yüksəldiyi üçün xaricdə yaşayan azərbaycanlılar orada aşağı faizlə dollar krediti götürüb, burada manata çevirib banklara qoyurlar və yüksək gəlir əldə edirlər. Ona görə banklardakı pulların hamısı yerli vətəndaşlara məxsus deyil. Mən demirəm ki, bütün əmanətlər xaricilərindir, amma əhəmiyyətli hissəsinin xarici mənşəli olması faktdır”. İqtisadçıya görə, depozit artımı iqtisadi aktivliyin güclənməsini deyil, əksinə biznesə inamın azalmasını göstərir: “Pul dövriyyəyə girmir, sadəcə banklarda yığılır. Bu, iqtisadi aktivliyin azalmasının göstəricisidir”.
Bəsti Rəfizadə
Sfera.az
