“Samsung” məşhur model seriyasını yenidən istehsal edəcək

“Samsung” uzun fasilədən sonra məşhur “Galaxy A70” seriyasını yenidən bazara çıxarmağa hazırlaşır.
Sfera.az xəbər verir ki, şirkətin 2022-ci ildən bəri dayandırdığı seriyanın yeni modeli haqqında ilk məlumatlar “Geekbench” məlumat bazasında üzə çıxıb.
Məlumata görə, “SM-A776B” model nömrəsi ilə qeydə alınan cihazın “Galaxy A77” adı altında təqdim olunacağı ehtimal edilir. Yeni modelin, flaqman səviyyəli “Exynos 2400” əsaslı 8 nüvəli prosessorla gələcəyi bildirilir. Həmin çipset hazırda “Galaxy S24” kimi yüksək səviyyəli telefonlarda istifadə olunur.
Sınaq nəticələri də diqqət çəkir: cihaz tək nüvə testində 1.180, çox nüvə testində isə 3.536 bal toplayıb. Test edilən variantın 8 GB RAM və “Android 14” əməliyyat sistemi ilə təchiz olunduğu müəyyən edilib.
Ekspertlər bu xüsusiyyətlərin yeni modelin orta-üst seqmentdə rəqabəti ciddi şəkildə artıracağını düşünürlər.
“Samsung” tərəfindən rəsmi açıqlama verilməsə də, əldə olunan məlumatlar “Galaxy A70” seriyasının pərəstişkarları arasında böyük gözlənti yaradıb.
Bəsti Rəfizadə
Sfera.az






