Mülayim qış qiymətlərə təsir edəcək?: "Problem hava deyil"

Mülayim qış qiymətlərə təsir edəcək?: "Problem hava deyil"
Kateqoriya məlum deyil
T

Bu qış havaların mülayim keçəcəyi ehtimalları kənd təsərrüfatına təsirlərlə bağlı müzakirələrə səbəb olub. Xüsusilə taxıl sahələrinin vəziyyəti, zərərverici və xəstəliklərin artması riski, həmçinin bazar qiymətlərinə mümkün təsirlər gündəmdədir.

 

Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov Sfera.az-a açıqlamasında bildirib ki, nazirlik məhsuldarlığın aşağı olmasını tez-tez hava şəraiti ilə izah edir.

 

Onun sözlərinə görə, yağışın çox olması, soyuğun və ya istinin güclü olması kənd təsərrüfatındakı problemlərin əsas səbəbi deyil:

 

“Havanın yağışlı olması pisdir, soyuq olması pisdir, isti olması pisdir fikirləri doğru yanaşma deyil. Nazirlik bütün problemləri hava ilə əlaqələndirir. Əslində isə havanın mülayim keçməsi Azərbaycan kənd təsərrüfatı üçün çox yaxşı haldır. Çünki ölkəmizdə elə məhsullar var ki, onları ildə 2-3, hətta 4 dəfə becərmək mümkündür”.

 

Mütəxəssis mülayim keçən qışın fermerlərə daha geniş seçim imkanı yaratdığını qeyd edib:

 

“Soyuğa qismən dözümlü olan bir sıra bitkilərin payız və qış dövründə də yetişdirilməsi mümkün olur. Bu isə həm dövriyyəni artırır, həm də fermerin planlama imkanlarını genişləndirir. Şaxtasız qış taxıl üçün təhlükə deyil. Onsuz da Azərbaycanda qış aylarının kəskin şaxtalı keçməsi uzun illərdir müşahidə olunmur. Əvvəlki nəsillərin xatırladığı sərt qışlar 40-50 il əvvəldə qalıb. Bitkinin inkişaf prosesini fermer özü idarə etməlidir. Aqrotexniki qaydalara əməl olunduğu halda mülayim qış taxılın inkişafına mənfi təsir göstərmir”.

 

 

Vahid Məhərrəmov vurğulayıb ki, bitkinin xəstəlik və zərərvericilərə davamlılığı birbaşa aqrotexniki qulluqdan asılıdır. Bitkinin ehtiyac duyduğu 16 əsas mineral maddənin təmin olunmaması məhsuldarlığın ciddi şəkildə aşağı düşməsinə səbəb olur:

 

“Bitki canlıdır, özünü həm istidən, həm soyuqdan, həm də susuzluqdan qoruya bilir. Amma bunun üçün onun immun sistemi möhkəm olmalıdır. Möhkəm olması üçün də aqrotexniki qaydalara əməl edilməlidir. Bizdə aqronomların bir çoxu bu biliklərə malik deyil. Dəfələrlə xəbərdarlıq etmişik, amma nəticə yoxdur. Məhsuldarlığın aşağı olmasının səbəbi hava deyil, bilik və mütəxəssis çatışmazlığıdır. Almaniyada da iqlim mülayim keçir, şaxta yoxdur, amma məhsuldarlıq hektardan 75 sentnerdir. Fransada da təxminən belədir. Ərəb ölkələri var ki, hektardan 100 sentner buğda götürür. Azərbaycanda isə 30 sentneri keçmir. Halbuki torpaqlarımız son dərəcə münbitdir”.

 

Mülayim qış zərərvericilərin və torpaq xəstəliklərinin artması riskini müəyyən qədər yüksəldir. Lakin Vahid Məhərrəmov hesab edir ki, bu vəziyyət də fermerin idarəetmə qabiliyyətindən asılıdır:

 

“Əgər bitki sağlamdırsa, lazımi elementlərlə təmin olunubsa, zərərvericiyə də, xəstəliyə də davam gətirir. Problem hava deyil, idarəetmədir. Qışın mülayim keçməsi bazarlarda qiymətlərə birbaşa təsir göstərmir. Qiymətin formalaşmasında əsas rol istehsal sistemi, fermerin uyğunlaşma bacarığı və peşəkarlıq oynayır. Bazar iqtisadiyyatı hava ilə idarə olunmur. Havanın kəskin dəyişməsi zamanı kəndli riskləri minimuma endirmək üçün mövcud olan şəraitə adaptasiya olmalıdır. Hər mövsümə uyğun becərmə qaydaları var. Fermer bunları bilsə, havanın mülayim keçməsi bazara yalnız müsbət təsir edə bilər”.

 

Bəsti Rəfizadə 
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR