Buğda ilə başlayan yol: Ermənistan üzərindən nə gələcək?

Buğda ilə başlayan yol: Ermənistan üzərindən nə gələcək?
Kateqoriya məlum deyil
T

Ermənistan Rusiya və Qazaxıstandan aldığı buğdanı Azərbaycan üzərindən daşımağa başlayıb. Gələcəkdə Ermənistanın başqa növ yükləri də Azərbaycan üzərindən daşımaq imkanı olacaq. 


Azərbaycanın bu xoşməramlı addımı qarşılığında Ermənistan da oxşar addımı atacaq. Ölkəmizə idxal edilən malların Ermənistan üzərindən daşınmasına şərait yaradılacaq. 


Bəs Azərbaycan hansı idxal mallarını Ermənistan üzərindən daşıya bilər?


Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, gələcəkdə Azərbaycan da bəzi idxal mallarını Ermənistan üzərindən daşıya bilər.
Kərimlinin sözlərinə görə, bu prosesin reallaşması birbaşa Zəngəzur dəhlizinin açılmasından asılı olacaq:


“Azərbaycan Türkiyə vasitəsilə Avropadan gələn bütün malları Ermənistan üzərindən daşıya bilər. Hazırda yüklərin hamısı Gürcüstan və ya İran üzərindən keçir, amma Zəngəzur dəhlizi işə düşərsə, bu marşrutlar həmin xəttlə reallaşa bilər. Bizim əsas ticarət partnyorumuz Türkiyədir və dəhliz bu əlaqələri daha da gücləndirəcək. Hansı malların daşınacağını biz dəqiq deyə bilmərik. Bunu zaman özü göstərəcək”.

 


Ekspert qeyd edib ki, bu, həm iqtisadi, həm də siyasi baxımdan müsbət addımdır:


“Prosesin başlanğıcındayıq. Artıq Ermənistan üzərindən keçən tranzit yükləri ölkəmiz üçün gəlir mənbəyinə çevrilir. Həm tranzit haqqı qazanılır, həm də iki ölkə arasında əlaqələrin bərpasına töhfə verir. Bu, yeni sülh və dostluq münasibətlərinin formalaşmasının ilkin mərhələsidir”.


İqtisadçı əlavə edib ki, gələcəkdə Naxçıvana gedən yüklərin də Azərbaycandan daha rahat keçməsi mümkün olacaq:


“Yüklərin böyük hissəsi dəmir yolu ilə daşınacaq, lakin Laçın istiqamətində tikilən quru yolu da bu məqsədlə istifadə edilə bilər. Başlayan proseslər onu göstərir ki, Ermənistan da müəyyən addımlar atacaq. Çünki ilkin jestləri Azərbaycan edir Ermənistan istiqamətindən gələn yüklərin ölkəmizdən keçməsinə şərait yaradır. Zəngəzur dəhlizinin, yaxud TRİPP layihəsinin (erməni tərəfinin israrla belə adlandırdığı) reallaşması region üçün mühüm dönüş nöqtəsi ola bilər. Dəhliz açılandan sonra Naxçıvanın blokadadan çıxması baş verəcək. Eyni zamanda, Azərbaycan və Türkiyə ilə Mərkəzi Asiya və Çin arasında Avropanı birləşdirən yeni nəqliyyat kanalı formalaşacaq” .


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR