Aztəminatlı ailələrin istilik problemi - Dövlət nə etməlidir?

Aztəminatlı ailələrin istilik problemi - Dövlət nə etməlidir?
Kateqoriya məlum deyil
T

Qış aylarında fərdi evlərin qızdırılması bir çox ailə üçün ciddi maddi yükə çevrilir. Bəzi evlərdə aylıq qaz istehlakının dəyəri 200-300 manata qədər yüksəlir. Mütəxəssislər bildirirlər ki, istilik itkisini azaltmaq üçün mənzillərin soyuğa qarşı izolyasiyası vacibdir. Lakin bu, yalnız maliyyə imkanı olan ailələr üçün mümkündür. Aşağı gəlirli ailələrin isə evlərini soyuğa qarşı hazırlaması çətinlik yaradır. 


Bu səbəbdən, belə bir sual gündəmə gəlir: mənzillərdə istilik sisteminin düzgün qurulması üçün aztəminatlı ailələrə güzəştli kredit və mütəxəssis dəstəyi göstərilməlidirmi?


Sualımızı cavablandıran iqtisadçı ekspert Əkrəm Həsənov Sfera.az-a açıqlamasında bildirib ki, hazırda vətəndaşların evlərində istiliyi təmin etməsi üçün güzəştli kredit mexanizmi qanunvericilikdə nəzərdə tutulmayıb.

 


Onun sözlərinə görə, bu cür sistem tətbiq olunsa belə, istilik təminatının kim və necə istifadə etdiyinə nəzarət etmək çətin olacaq:


“Hazırkı şəraitdə hökumətin bu məqsədlə əlavə vəsait ayırması da inandırıcı görünmür. Dövlət büdcəsi artıq qənaət rejiminə keçib. Demirəm ki, belə mexanizm olmasın, yaxşı olardı ki, olsun. Amma reallıq budur ki, yaxın zamanda bu addım atılmayacaq”.


O hesab edir ki, dövlət bu istiqamətdə başqa yanaşma tətbiq etməlidir: 


“Binalarda sakinlərin özünüidarəçiliyini təmin etmək vacibdir. Bu gün bir çox hallarda tikinti şirkətləri binanı tikdikdən sonra qanuna zidd olaraq onun idarəçiliyini də öz üzərinə götürür. Nəticədə sakinlərdən toplanan vəsaitlərin böyük hissəsi binaya xərclənmir. Əgər idarəetmə sakinlərin özündə olsa, həmin vəsaitin bir hissəsini binanın istilik və təmir işlərinə sərf edə bilərlər. Qanunvericilikdə də sakinlərin özünüidarəetməsi nəzərdə tutulur”.

Qeyd edək ki, Azərbaycanda banklar və digər kredit təşkilatları mənzillərin təmiri ilə bağlı xüsusi kreditlər verir. Amma bu kreditlər bankların öz vəsaiti hesabına ayrıldığından həmin vəsaitlər baha olur və onu götürmək ailələr üçün əlverişli deyil. 


Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR