Bölgələrə axın güclənəcək - Noyabrda haraya getməli?

Azərbaycanda ümumtəhsil müəssisələri noyabrın 17-dən 21-dək payız tətilinə çıxacaq. Noyabrda həm də Zəfər Günü qeyd ediləcəyindən əhali üçün uzunmüddətli istirahət imkanı yaranacaq.
İnsanlar bu fürsətdən istifadə edərək hansı istiqamətlərdə istirahəti planlaşdırmalıdır?
Turizm eksperti Cəfər Qarayev Sfera.az-a açıqlamasında bildirib ki, noyabr ayında həm Zəfər Günü, həm də payız tətili ilə əlaqədar bölgələrdə turist axını müşahidə olunacaq:
“Bu tarixlər çərçivəsində noyabrın 8-də Bakıda paradın keçirilməsi, ayın 9-da isə Göyçayda Nar festivalının təşkili nəzərdə tutulub. Beləliklə, paytaxtdan bölgələrə ciddi axın gözlənilir. Xüsusilə də Zəfər Günü və payız tətili çərçivəsində işğaldan azad olunmuş Qarabağın dilbər guşələrinə səyahət edənlərin sayı artacaq”.
Ekspertin sözlərinə görə, hər il olduğu kimi bu payızda da insanlar təbiətin “qızıl payız” gözəlliyini yaşamaq üçün Böyük Qafqaz sıra dağlarının ətəklərinə üz tutur:
“Quba, Qusar, İsmayıllı, Qəbələ və Şəki zonalarında bu dövrdə möhtəşəm təbiət mənzərələri yaranır. Həmin bölgələrdə yerləşən meşələr, dağ mənzərələri, göllər və kənd turizmi məkanları həm yerli, həm də xarici turistlər üçün cəlbedici istiqamətlərə çevrilib. İnfrastruktur da artıq bu bölgələrdə kifayət qədər formalaşıb”.

Son illərdə İsmayıllı rayonundakı Qaranohur gölü turistlərin ən çox üz tutduğu təbii məkanlardan birinə çevrilib. Qarayev bildirib ki, xüsusilə piyada yürüyüşü və hiking turizminə maraq artıb:
“İnsanlar Qaranohur gölünə yürüyüşlər edərək həm fiziki aktivliklə məşğul olur, həm də asudə vaxtlarını səmərəli keçirirlər. Payız tətili zamanı ailəvi istirahət üçün Şahdağ və Tufandağ qış-yay turizm kompleksləri də populyar olacaq. Bu iki kompleksdə həm uşaqlar, həm də böyüklər üçün nəzərdə tutulmuş əyləncə növləri, atraksionlar və müxtəlif proqramlar fəaliyyət göstərir. Ona görə də yerli və xarici turistlər payız istirahətini bu komplekslərdə keçirməyə üstünlük verirlər”.
Qarayevin fikrincə, bu payız təkcə istirahət üçün deyil, həm də milli ruhu yaşamaq, təbiətin gözəlliyini hiss etmək və yeni istiqamətləri kəşf etmək üçün də ən münasib dövrdür.
Bəsti Rəfizadə
Sfera.az






