Mobil bazarda 3 marka üstünlüyünü qoruyacaq - Ekspert səbəblərini açıqladı

Mobil bazarda 3 marka üstünlüyünü qoruyacaq - Ekspert səbəblərini açıqladı
Kateqoriya məlum deyil
T

Azərbaycanda ən çox istifadə edilən mobil cihaz markalarının adları bəlli olub. “Global Stats” Statistika Mərkəzinin məlumatına görə, ölkə əhalisi əsasən bahalı və tanınmış markalara üstünlük verir. Qiymət və texniki imkan baxımından daha əlverişli modellərin olmasına baxmayaraq, az tanınan markalara maraq aşağıdır.

 

Məsələ ilə bağlı Sfera.az-a aşıqlama verən informasiya texnologiyaları mütəxəssisi Tariyel Ağazadə bildirib ki, hazırda Azərbaycanda “Samsung”, “iPhone” və “Xiaomi” kimi brendlər ən çox populyarlığa malikdir:


“Bu markaların həm satış göstəriciləri, həm də istifadəçi sayı daha yüksəkdir. Halbuki digər markalar eyni qiymət aralığında bəzən daha güclü texniki xüsusiyyətlər təklif edir. Lakin populyarlıq və brend imici burada əsas rol oynayır”.


Ağazadə bildirib ki, bu vəziyyətin bir neçə əsas səbəbi var:

 

"Birinci səbəb brend populyarlığı və sosial statusdur. İnsanlar məşhur brendlərin cihazlarını əldə etməklə sanki bir status nümayiş etdirirlər. Hər kəsin tanıdığı markadan istifadə etmək sosial baxımdan daha “prestijli” hesab olunur. Bu hal təkcə Azərbaycanda deyil, demək olar ki, bütün postsovet ölkələrində müşahidə edilir. İkinci səbəb isə qiymət və dəyər münasibətidir. Artıq orta və yuxarı seqment modellərdə texniki xüsusiyyətlər çox yaxınlaşıb. Məsələn, az tanınan bir brendin 3000 manatlıq telefonu bəzən “Samsung” və ya “Apple” modelləri ilə eyni səviyyədə olur. İnsanlar isə düşünürlər ki, eyni məbləği verəcəksə, tanınmış və etibarlı bir markanı seçmək daha məntiqlidir”.

 


Mütəxəssisin fikrincə, ən əsas səbəb üçüncü səbəbdir: 


“Üçüncü səbəb təhlükəsizlik, keyfiyyət və ikinci əl bazarı məsələsidir. “Apple” və “Samsung” artıq insanların beynində keyfiyyət və zəmanət anlayışı yaradıb. İnsan bilir ki, bu markalardan birinin cihazını alsa, gələcəkdə texniki problem yaşasa da, ehtiyat hissəsini və ya servis xidmətini asanlıqla tapa biləcək. Həm də bu markaların telefonlarını satmaq daha asandır və qiymət itgisi nisbətən az olur. Digər az tanınan markalarda isə telefonun dəyəri bəzən qısa müddətdə iki dəfə aşağı düşür”.


Ekspert sonda qeyd edib ki, Azərbaycanda brendə olan inam və sosial təsəvvürlər mobil bazarın formalaşmasında həlledici rol oynayır. Buna görə də yaxın illərdə də “Apple”, “Samsung” və “Xiaomi” kimi nəhənglərin üstünlüyünü qoruyacağı gözlənilir.


Bəsti Rəfizadə
Sfera.az


 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR