ABŞ qiymətli kağızları uğursuz investisiya sayılacaq? - ŞƏRH

ABŞ-nin Maliyyə Nazirliyi bildirib ki, dövlət borcu 38 trilyon dolları keçib. Yalnız son 3 ayda borc 1 trilyon dollar artıb.
Bununla da ABŞ-də adambaşına düşən borc həcmi 111 min dollara çatıb.
Borc yükünün artması ABŞ dövlətinin qiymətli kağızlarına sərmayə edənlər üçün hər hansı risk yaradırmı?
Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, ABŞ-nin dövlət borcunun sürətlə artması, təbii ki, Amerika iqtisadiyyatı və onun gələcəyi üçün müəyyən risklər yaradır:

“Lakin bu, hələlik təhlükəli həddə çatmayıb. Maraqlısı odur ki, Amerika borc kağızlarını bu gün də bütün dünyada, həm fərdi investorlar, həm də dövlətlər böyük məmnuniyyətlə alırlar. Bunun əsas səbəbi ABŞ-nin maliyyə sisteminə olan yüksək etimaddır”.
İqtisadçı illik faiz dərəcələrinin də cəlbedici olmasının bu marağı daha da artırdığını qeyd edib. Onun sözlərinə görə, ABŞ-də 1 illik, 5 illik, hətta 30 illik müddətli istiqrazlar mövcuddur və onların əksəriyyəti məhz digər ölkələrin mərkəzi banklarının əlindədir:
“Məsələn, Çinin təxminən 3 trilyon dollar, Yaponiyanın isə 1,1 trilyon dollara yaxın Amerika borc kağızlarına sahib olduğu bildirilir. Bu artım, sözsüz ki, ABŞ üçün gələcəkdə iqtisadi təzyiq yarada bilər, lakin hələlik vəziyyət idarəolunan səviyyədədir”.
N.Cəfərli buna əsas səbəb kimi istiqrazlara yüksək tələbin davam etməsini göstərib:
“İstənilən şəxs dünyanın istənilən nöqtəsindən birja vasitəsilə ABŞ borc kağızlarını ala bilər. Donald Tramp administrasiyasının əsas məqsədlərindən biri də gələcəkdə bu borcun həcmini azaltmaqdır. Bunun nə dərəcədə mümkün olacağı hələ bəlli olmasa da, heç olmasa bu istiqamətdə müəyyən addımlar atmaq niyyəti mövcuddur”.
Fidan Hacızadə
Sfera.az






