Həyat sığortasında 17%-lik artım - Səbəb nədir?

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda həyat sığortası bazarında artım qeydə alınıb. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, sözügedən dövrdə həyat sığortası növləri üzrə 655,437 milyon manat sığorta haqqı toplanıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 17 faiz çoxdur. Artım sığorta sektorunda aktivliyin yüksəldiyini və əhalinin bu sahəyə marağının artdığını göstərir.
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, yığımların artmasının əsas səbəbi qiymətlərin artmasıdır:
“Yəni, çox pulun toplanması o demək deyil ki, sığorta müqavilələri də artıb. Bu statistika da təqdim edilsə yaxşı olar", - söyləyən Ə.Həsənov hesab edir ki, qiymət artımına müxtəlif xəstəlikləri olan şəxslərin sığortalanması səbəb olur. Onun sözlərinə görə, sığorta şirkətləri belə halları nəzərə alaraq daha yüksək sığorta haqları tətbiq edirlər:

"Sığorta olunan şəxslərdə müəyyən xəstəliklər aşkarlandıqda sığorta təşkilatları bu halda sığorta haqlarının qiymətini daha da artırırlar. Bu, çox ciddi məqamdır.
Təcrübədən bilirik ki, şəxs öldükdə, ailəsi sığorta haqqı ödənilməsini istəyir. Bəzən müayinələr göstərir ki, dünyasını dəyişən şəxs sığorta etdirdikdə onun əvvəldən bilinməyən ciddi xəstəliyi olub, şəxs bunu gizlədib. Sığorta təşkilatı isə bildirir ki, dünyasını dəyişən şəxs məhz həmin xəstəliklə əlaqədar rəhmətə gedib, həmin şəxs belə bir xəstəliyi olduğunu əvvəlcədən deməyib".
Ekspert dedi ki, bu kimi halları nəzərə alan sığorta şirkətləri daha yüksək sığorta haqqı tələb edir və bu da sığorta yığımlarının artmasına səbəb olur.
Niyaz Hacıyev
Sfera.az






