Amerika idxalını bahalaşdırır: Trampın yeni tarif planı

ABŞ Prezidenti Donald Trampın təsdiq etdiyi idxal rüsumları avqustun 7-də qüvvəyə minib.
Sfera.az xəbər verir ki, Trampın fikrincə, yeni tariflərin tətbiqi ilə Amerika iqtisadiyyatı milyardlarla dollar qazanacaq.
Avqustun 1-də Tramp 60-dan çox ölkə və Avropa İttifaqına 15%-dən 41%-ə qədər tariflər tətbiq edən sərəncam imzalayıb.
Ən yüksək tariflər Suriya (41%), Laos (40%), Myanma (40%), İsveçrə (39%), İraq (35%) və Serbiya (35%) kimi ölkələr üçün müəyyən edilib.
Qeyd edək ki, ABŞ dünyada ən çox idxal həyata keçirən ölkədir. ABŞ-ın yüksək idxalının olması ölkənin xarici ticarət əməliyyatlarında böyük kəsirin yaranmasına səbəb olur.
2024-cü ilin yekunlarına əsasən, ABŞ-nin ixracı 2,06 trilyon dollar, idxalı isə 3,36 trilyon dollar təşkil edib. Bir il ərzində ABŞ 1,3 trilyon dollar ticarət kəsiri ilə üzləşib.
Tramp administrasiyası idxal rüsumlarını artırmaqla yaranan kəsiri azaltmağı hədəfləyir. Belə ki, rüsumlar artanda ABŞ-a gətirilən mallar bahalaşdığından istehsal mallarının qiyməti idxal malları ilə müqayisədə daha əlverişli olur.
Bu səbəbdən proqnozlaşdırılır ki, yeni tarif siyasəti ilə ABŞ-nin idxalı tədricən azalacaq və ticarət kəsiri kiçiləcək.
Bəs ABŞ daha çox hansı ölkələrdən mal alır?
2024-cü ildə ABŞ ən çox üç ölkədən mal alıb. Bunlar Meksika (510 milyard dollar), Çin (462,6 milyard dollar) və Kanadadır (421,2 milyard dollar). Adıçəkilən üç ölkə ABŞ-yə ümumilikdə 1,394 trilyon dollar dəyərində mal satıb.
Bunlardan başqa daha beş ölkə ABŞ-yə 100 milyard dollardan çox mal satıb. Həmin ölkələr Almaniya (163,4 milyard dollar), Yaponiya (152 milyard dollar), Vyetnam (142,5 milyard dollar), Cənubi Koreya (135,5 milyard dollar) və İrlandiyadır (103,7 milyard dollar).
Regionlar üzrə götürdükdə isə ABŞ-yə idxalın 41 faizi (1,377 trilyon dollar) Asiya ölkələrinin, 34 faizi (1,142 trilyon dollar) Amerika qitəsində yerləşən ölkələrin, 24 faizi (806,5 milyard dollar) isə Avropa ölkələrinin payına düşür.
ABŞ rüsumları tətbiq edən zaman məhz ən çox mal aldığı ölkələri hədəfə götürüb. Yeni rüsumların nə dərəcədə faydalı olacağını isə zaman göstərəcək.
Vasif