AccessBank kiçik bizneslərin maliyyələşdirilməsinin genişləndirilməsi məqsədilə FMO-dan $75 mln məbləğində kredit xətti cəlb edib

AccessBank Niderlandın sahibkarlığın inkişafı bankı olan FMO ilə $75 mln məbləğində, 4 il müddətinə nəzərdə tutulmuş multivalyutalı kredit xətti üzrə kredit sazişi imzalayıb. Kredit xətti $40 mln həcmində təsdiqlənmiş və $35 mln həcmində əlavə tranşdan ibarətdir.
Cəlb olunan vəsait Azərbaycanda aqrar sektorda fəaliyyət göstərən kiçik və orta biznes subyektlərinin, qadın sahibkarların, gənc sahibkarların, eləcə də mikro, kiçik və orta sahibkarlıq (KOS) subyektlərinin maliyyə resurslarına çıxışının genişləndirilməsinə yönəldiləcək. Bu əməkdaşlıq maliyyə inklüzivliyinin artırılmasına və özəl sektorun dayanıqlı inkişafına töhfə verəcək.
"Güclü və inklüziv maliyyə sektoru özəl sektorun dayanıqlı inkişafı üçün əsas şərtlərdən biridir. AccessBank ilə tərəfdaşlığımız vasitəsilə sahibkarların investisiya qoyması, innovasiyalar tətbiq etməsi və yeni iş yerləri yaratması üçün mühüm əhəmiyyət daşıyan maliyyə infrastrukturunun gücləndirilməsinə dəstək oluruq. Bu saziş FMO-nun 2030 Strategiyasına uyğundur və uzunmüddətli iqtisadi artımı dəstəkləyən dayanıqlı yerli bazarların inkişafına xidmət edir" - bunu FMO-nun Maliyyə İnstitutları üzrə direktoru Frouke Hoekstra bildirib.
Yeni kredit xətti AccessBank-ın dayanıqlı iqtisadi inkişafın dəstəklənməsi və maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsinə yönəlmiş uzunmüddətli strategiyasına uyğundur. Bu vəsait Banka iqtisadiyyatın prioritet sahələrində kredit portfelini daha da genişləndirməyə və mikro, kiçik və orta sahibkarlıq subyektlərinin inkişafına əlavə dəstək göstərməyə imkan verəcək.






