Azərbaycanda hotellər niyə bahalaşdı? - AÇIQLAMA

Azərbaycanda hotellər niyə bahalaşdı? - AÇIQLAMA

Son açıqlanan statistikaya görə, beşulduzlu hotellərdə qiymətlər yüksəlib. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandakı 5 ulduzlu hotellərdə onlayn bronlaşdırma sistemi olan booking.com üzrə bir gecə qalmaq üçün orta qiymət 227,7 manat təşkil edib. Dövlət Turizm Agentliyinin hesabatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 38,7 % çoxdur.

 

Bəs bu nə ilə əlaqəlidir?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan "Skal Baku Turizm Peşəkarları" təşkilatının sədri Ceyhun Aşurov bildirib ki, bu ilin ilk 9 ayında digər hotellərlə müqayisədə beşulduzlu hotellərin qiyməti daha çox artıb.

 

“30 faizdən çox artım müşahidə olunub. Bunun da bir sıra səbəbləri var. Azərbaycanda turizm bazarı pandemiyadan sonra bərpa dönəmini yaşayır. Məhz bu baxımdan həm qiymətlərin qaldırılması, turist sayının artırılması qanunauyğundur”.

 

Ceyhun Aşurov qeyd edib ki, turizm bazarı hələ pandemiyadan əvvəlki göstəriciləri əldə edə bilməyib.

 

 

"Quru sərhədlərin bağlı olmasına baxmayaraq hava sərhədi açıqdır və ölkəmizə birbaşa reyslər açılıb. Hazırda Azərbaycana turist axını mövcuddur. Qiymətlərin artımı inflyasiya, xərclərin artması, qida məhsullarının bahalaşması ilə də bağlıdır. Ölkəyə gələn turistlərin sayı da bu amilə təsirsiz ötüşmür. 3-4 ulduzlu hotellərdə 25-26 faiz artım olubsa, beşulduzlu hotellərdə 30 faizdən daha çox artımdan söhbət gedir. Bu isə ölkəyə gələn turist seqmentinin daha çox beşulduzlu hotellərə üstünlük verməsi ilə əlaqədardır. Şəhər mərkəzində və bulvar ətrafında olan hotellərə tələbat daha çoxdur”.

 

C.Aşurovun sözlərinə görə, digər kateqoriyalı hotellərə nisbətən beşulduzlu hotellərin sayı daha azdır.

 

"Qış turizminin mövsümü də başlayır. Bu mövsümdə digər illərə nisbətən qiymətin qaldırılacağı ehtimal olunur”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR