İsrail İranın bu obyektlərini hədəfə alarsa... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ!
İsrailin Livana hücumu və buna cavab olaraq İranın İsrailə çoxlu sayda raket atması Yaxın Şərqdə genişmiqyaslı müharibə qorxusunu artırıb. Müharibənin genişlənmə ehtimalı enerji bazarında da narahatçılığı gücləndirib və ekspertlər belə davam edərsə, qiymətlərin yuxarı doğru dəyişəcəyini proqnozlaşdırırlar.
Sfera.az xəbər verir ki, İranın İsrailə raket hücumundan sonra rəsmi Tel-Əviv İranı cavabsız qoymayacağını bildirib. İsrailin bu mövqeyindən narahat olan G-7 liderləri çərşənbə günü bir-biri ilə telefon danışığı apararaq regional münaqişənin heç kimin marağında olmadığını və diplomatik həllin hələ də mümkün olduğunu bəyan ediblər.
ABŞ Prezidenti Co Bayden deyib ki, İsrail cavab olaraq İranın nüvə obyektlərinə hücum etməkdən çəkinməlidir. İsrailin İrana hücum edəcəyi ilə bağlı narahatlıq neftin qiymətini artırıb. “Brent” markalı neftin qiyməti 75 dollara yüksəlib.
“Citigroup”un məlumatına görə, İsrail İranın neft obyektlərini hədəfə alarsa, dünya bazarında neft təklifi gündəlik 1,5 milyon barel azalacaq. Əgər İsrail neft hasilat sənayesinə aid kiçik infrastrukturlara zərbə endirərsə, o halda dünya bazarına çıxarılan neft 300 min ilə 450 min barel arasında azalacaq. Dünyada hər gün təxminən 100-103 milyon barel neft hasil edildiyini nəzərə alsaq, İsrailin genişmiqyaslı hücumu neft qiymətlərində ciddi artıma səbəb ola bilər. İndiki vəziyyətdə neftin bahalaşmasında maraqlı olmayan ABŞ-nin buna imkan yaratması isə az ehtimal edilir. Çünki neftin bahalaşması bir tərəfdən Rusiyanın gəlirlərini artıracaq və rəsmi Moskva Ukrayna ilə müharibədə əlavə maliyyə imkanları qazanacaq.
Baha neft digər tərəfdən ABŞ-də və dünyada əmtəə qiymətlərini yüksəldəcək ki, bu da yenidən inflyasiyanın güclənməsinə səbəb olacaq. Buna görə də İsrailin İrana endirəcəyi zərbələrin ünvanının neft obyektləri yox, hərbi təyinatlı mühüm obyektlərə ola biləcəyi güman edilir.
Vasif