Azərbaycan özünü bu məhsullarla 100 faiz təmin edir - ADLAR

Azərbaycan özünü bu məhsullarla 100 faiz təmin edir - ADLAR

Azərbaycan idxal həyata keçirməsə, özünü əksər kənd təsərrüfatı məhsulları ilə tam təmin edə bilməz. Xüsusən heyvandarlıq və taxıl məhsullarında idxaldan asılılıq yüksəkdir. 


Sfera.az xəbər verir ki, ötən il özünütəminetmə baxımından bitkiçilikdə olan vəziyyət heyvandarlıqla müqayisədə daha yaxşı olub. Bitkiçilikdə taxıl məhsulları istisna olmaqla digərləri ilə özünütəminetmə səviyyəsi 100 faiz və daha yüksək olsa da, heyvandarlıqda yumurta istisna olmaqla bütün növ kənd təsərrüfatı məhsullarında idxala ehtiyac var. 


2023-cü ilin məlumatına əsasən, Azərbaycan özünü taxılla 70,5 faiz təmin edə bilir. Ölkəmiz üçün əsas taxıl məhsulu olan buğda ilə özünütəminetmə 60 faizdir. Özünütəminetmə qarğıdalıda 80 faiz, vələmirdə 82 faiz, digərlərində 43 faizdir. 


Taxıl məhsullarından yalnız arpa ilə özümüzü 100 faizə yaxın təmin edirik. Ancaq ötən il arpa ilə özünütəminetmə 96 faizə düşüb. Əvvəlki illərdə təminat səviyyəsi 100 faizdən yüksək idi. 


Azərbaycan özünü paxlalılarla da 100 faiz təmin edə bilmir. Paxlalılarda özünütəminetmə səviyyəsi 63 faizdir. 


Tərəvəzlər, meyvələr, bostan məhsulları ilə təminat isə 100 faizdən çoxdur. Lakin burada da bəzi məhsul növləri var ki, onlarla özümüzü idxal məhsulları olmadan yüz faiz təmin edə bilmirik. Bu baxımdan ilk növbədə kartofun adı çəkilməlidir. Kartof əsas tərəvəz məhsullarındandır və onunla özünütəminetmə səviyyəsi 90 faizdir. Əvvəlki illərdə də bu göstərici təxminən eyni olub. 


Meyvələrdən isə üzümlə özümüzü tam təmin edə bilmirik. Yerli istehsal üzümə olan tələbin 94 faizini ödəmək imkanına sahibdir. 


Heyvandarlıq məhsullarından yumurta xaric hamısında idxala ehtiyacımız var. Mal ətinin 12 faizini, qoyun ətinin 5 faizini, donuz ətinin 95 faizini, quş ətinin 18 faizini, süd və süd məhsullarının 16 faizini, balıq və balıq məhsullarının isə 25 faizini xaricdən almalıyıq. 


Əvvəlki illərlə müqayisədən görünür ki, özünütəminetmə səviyyəsi yaxşılaşan məhsullar mal və quş ətidir. Digərlərində ya müsbət dəyişiklik yoxdur, ya da təminat səviyyəsi bir qədər də pisləşib. 


Qeyd edək ki, özünütəminetmə səviyyəsi dedikdə yerli istehsalla istehlakın nisbəti nəzərdə tutulur. Yerli istehsal yüksək olan və 100 faizi keçən məhsullarda adətən qiymətlər əlverişli olur. İdxal çox olan məhsullarda isə qiymətlər yüksək olur. Bundan başqa idxaldan asılılıq yüksək olduqda xaricdə baş verən qiymət dəyişiklikləri daxili bazara daha tez nüfuz edir. 


Buna görə də özünütəminetmənin yüz faiz və ya bu həddə yaxın olması arzuediləndir. 


Vasif
 


OXŞAR XƏBƏRLƏR