Kənd təsərrüfatında artım dayanıb: Son 10 ilin ən pis nəticəsi - RƏQƏMLƏR

Kənd təsərrüfatında artım dayanıb: Son 10 ilin ən pis nəticəsi - RƏQƏMLƏR

2024-cü ilin ilk yarısında Azərbaycanın kənd təsərrüfatında 0,3 faizlik real artım qeydə alınıb.

 

Sfera.az xəbər verir ki, bu göstərici son 10 ilin ən pis nəticəsidir. Sonuncu dəfə 2014-cü ilin birinci yarısında aqrar sahədə arzuedilməz vəziyyət müşahidə edilmişdi.

 

Həmin tarixdə aqrar sahədə istehsalın real həcmi 4,2 faiz azalmışdı. Sonrakı illərdə istehsalda davamlı artım baş verib. Kənd təsərrüfatında istehsal 2015-ci ilin birinci yarısında 8,9 faiz, 2017-ci ilin birinci yarısında 1,2 faiz, 2022-ci ilin birinci yarısında 3,1 faiz, 2023-cü ildə isə 3,3 faiz artmışdı. On ildən sonra istehsalda artımın sıfıra yaxınlaşmasının səbəbi bitkiçilik sektoru ilə bağlı olub.

 

Bitkiçilikdə istehsal 1,4 faiz azalıb. Bitkiçilikdə istehsalın azalmasının əsas səbəbi taxılçılıq olub. Bu il taxıl istehsalında 5,6 faiz azalma qeydə alınıb. Ötən ilin birinci rübündə 2 milyon 73 min ton taxıl yığıldığı halda, bu ilin eyni dövründə 1 milyon 958 min ton taxıl toplanıb. Taxılla yanaşı, kartof istehsalında da azalma var. Bu il kartof istehsalı 17 faiz azalaraq 358,1 min ton olub. Əvvəlki illə müqayisədə 73,3 min ton az kartof istehsal edildiyi görünür.

 

Heyvandarlıqda isə istehsal 2,1 faiz artıb. İstehsalın artmasında əsas heyvandarlıq məhsulları olan ət, süd və yumurta istehsalının artması təsir edib.

 

Kənd təsərrüfatının bitkiçilik bölməsində istehsalın azalması işğaldan azad edilən ərazilərdə böyük əkin sahələrinin istismara cəlb edilməsi fonunda baş verib. Quraqlığın olması, bəzi regionlarda hava şəraitinin qeyri-sabit keçməsi, sel və dolunun olması bitkiçilik məhsullarının istehsalına mənfi təsir göstərib.

 

Vasif


OXŞAR XƏBƏRLƏR