Azərbaycanda bu məhsul bahalaşa bilər - SƏBƏB

Şri-Lankanın ixrac etdiyi çayın qiymətində artım baş verə bilər.
Sfera.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb hökumətin çay istehsalı sahələrində çalışan işçilərin əməkhaqqının 70% artırılmasını tələb etməsidir.
Əməkhaqlarının kəskin artırılması tələbi ölkə iqtisadiyyatının təməl daşı olan çay sənayesi üçün böyük problemlər yaradıb. Hökumətin elan etdiyi maaş artımı işçilərin gündəlik maaşını 1000 rupidən 1700 rupiyə, yəni hazırkı məzənnə ilə 5,66 dollara qaldırılmasını nəzərdə tutur.
Şri-Lankanın çay sektorunda 615 000 işçi çalışır və onların maaşının 70 faiz artırılması çay qiymətlərini də artıracaq. Məlumata əsasən, bu ada ölkəsində ildə 250 min tondan çox çay istehsal edilir və onun 95%-i xaricə satılır.
Çay sənayesinin təmsilçilərinin bildirdiyinə görə, maaş artımı tələbi çay istehsalı xərclərini 45% artıracaq və Şri-Lanka çayını qlobal bazarda rəqabətsiz hala gətirəcək.
Şri-Lankada çay qiymətlərinin yüksəlməsi böyük ehtimalla Azərbaycana da təsir edəcək. Çünki ölkəmizə istehsal məqsədilə idxal edilən xammalın böyük hissəsi Şri-Lankadan alınır.
2024-cü ilin birinci rübünün məlumatlarına əsasən, Azərbaycana 1 700 ton qara çay idxal edilib. Bunun 1 292 tonu Şri-Lankadan gətirilib.
Daha 316 ton qara çay Hindistandan, 92 tonu isə digər ölkələrdən alınıb. Şri-Lankadan idxal edilən çayın bir tonu 4 990 dollara başa gəlib.
Digər ixraçatçı ölkələrlə müqayisədə Şri-Lanka çayı daha ucuzdur. Buna görə də əgər qiymət artımları böyük olarsa Şri-Lankadan çay alan ölkələrin daxili bazarında da qiymətlərdə yüksəliş baş verəcək.
Vasif