İşğaldan azad edilən ərazilərin bərpası sürətləndirilir – Xərclər 68 faiz artırılacaq 

İşğaldan azad edilən ərazilərin bərpası sürətləndirilir – Xərclər 68 faiz artırılacaq 

Azərbaycan dövləti büdcə vəsaiti hesabına işğaldan azad edilən ərazilərin bərpasını bir qədər də sürətləndirəcək.

 

Sfera.az xəbər verir ki, 2024-cü ilin dövlət büdcəsinə təklif edilən dəyişikliklər qəbul edilərsə, bu il ərzində işğaldan azad edilən ərazilərin bərpasına 9,903 milyard manat vəsait xərclənəcək. Bu, 2023-cü ildə xərclənən vəsaitdən 68,4 faiz çoxdur.

 

Cari ilin dövlət büdcəsi qəbul ediləndə işğaldan azad edilən ərazilərin bərpası üçün 7,78 milyard manatın ayrılması nəzərdə tutulmuşdu. Büdcənin dəyişdirilməsinə dair təklif edilən yeni layihədə isə xərclərin 2,115 milyard manat, yəni 27,2 faiz artırılması planlaşdırılır.

 

Xatırladaq ki, Azərbaycan dövləti 2021-ci ildən başlayaraq işğaldan azad edilən ərazilərin bərpasına vəsait ayırır. İllər üzrə xərclərə diqqət yetirdikdə görürük ki, dövlət büdcəsindən ayrılan vəsait ilbəil artır. Artımın sürəti isə olduqca yüksəkdir.

 

İşğaldan azad edilən ərazilərin bərpasına 2021-ci ildə 2,1784 milyard manat, 2022-ci ildə 4,315 milyard manat, 2023-cü ildə isə 5,8816 milyard manat vəsait ayrılıb.

 

Üç il ərzində ayrılan vəsaitin məbləği 12,375 milyard manat təşkil edib.

 

2024-cü ildə ayrılması planlaşdırılan 9,903 milyard manatı da nəzərə alsaq, 2021-2024-cü illəri əhatə edən dördillik dövrdə işğaldan azad edilən ərazilərin bərpasına xərclənəcək vəsait 22,278 milyard manata çatacaq.

 

Bu məbləğ Böyük Qayıdışa dair I Dövlət Proqramı üçün dövlət büdcəsindən ayrılması nəzərdə tutulan vəsaitə bərabər olacaq. Həmin məbləğ 2026-cı ilin sonuna qədər ayrılmalı idi.

 

2023-cü ilin hesablamalarına görə, proqramın icrası üçün 30,5 milyard manat lazımdır.

 

Maliyyə Nazirliyinin 2023-cü ildə açıqladığı məlumata əsasən, bu qədər vəsaitin 22,4 milyard manatı dövlət büdcəsindən, qalanı digər mənbələrdən xərclənməsi planlaşdırılıb.

 

2021-2024-cü illərdə dövlət büdcəsindən ayrılan vəsaitin həcmi göstərir ki, dövlət nəzərdə tutduğu pulu bu ilin sonuna kimi xərcləyəcək.

 

Proqnozlaşdırılan vəsaitin daha tez ayrılması dövlətə imkan verəcək ki, I Dövlət Proqramının icrası üçün qalan məbləği də büdcə vəsaiti hesabına təmin etsin.

 

Dövlət büdcəsindən ayrılan vəsaitlərin artması I Dövlət Proqramının maliyyələşdirilməsini yaxşılaşdırılmaqla bərabər, Azərbaycan dövlətinə qayıdışla bağlı II Dövlət Proqramının qəbulunu tezləşdirməyə də imkan verəcək.

 

Vasif


OXŞAR XƏBƏRLƏR