Qızılın qiyməti 80 dollara ÇATIR

Dünən beynəlxalq birjalarda qızılın qiymətində tarixi rekord qeydə alınıb.
Sfera.az xəbər verir ki, tarixdə ilk dəfə olaraq bir troya unsiya qızılın qiyməti 2 450 dollar həddini, bir qramın qiyməti isə 78,7 dollar həddini keçib.
Bu gün qızılın qiyməti bir qədər enib. Hazırda troya unsiyanın dəyəri 2 420 dollardır.
Qızılın bahalaşmasına dolların ucuzlaşması, eləcə də Yaxın Şərqdə və Ukraynada müharibənin yaratdığı vəziyyət səbəb olur. Ümumən dünyada bir narahatçılıq var və buna görə də sərmayəçilər əvvəlki dövrlərlə müqayisədə daha çox vəsaiti qızıla investisiya edirlər. Qızıl qədim dövrlərdə olduğu kimi hazırda da ən az riskli sərmayə vasitəsi kimi tanınır. Yaranmış vəziyyəti nəzərə alsaq, gözləmək olar ki, qarşıdakı dövrdə də qızılın qiymətində artım davam edəcək.
Müqayisə üçün bildirək ki, qızılın dəyəri son bir ildə 22,4 faiz, son beş ildə 72 faiz, son on ildə isə 88 faiz artıb.
Vasif