Doqquz illik tənəzzül sona çatdı: Bu sahədə yenidən artım qeydə alındı

Doqquz illik tənəzzül sona çatdı: Bu sahədə yenidən artım qeydə alındı

2022-ci ilin nəticələrinə əsasən, Azərbaycanda əsas kapitala sərmayə qoyuluşunda geriləmə başa çatıb. Rəsmi məlumatlara görə, əsas kapitala investisiya qoyuluşu 5,5 faiz artaraq 18,3 milyard manata çatıb. Əsas kapitala sərmayə qoyuluşunda artım qeyri neft-qaz sektoru hesabına baş verib. Bu sahələrdə investisiyalar 13,6 faiz artıb.  


Sfera.az xatırladır ki, ötən ilə qədər 9 il ərzində əsas kapitala sərmayə qoyuluşu davamlı azalırdı. 


Ölkəmizdə əsas kapitala sərmayə qoyuluşunda artım sonuncu dəfə 2013-cü ildə qeydə alınıb. Həmin ildə sərmayə qoyuluşu 15,1 faiz artmışdı. Amma sonrakı illərdə investisiyaların həcmində azalma baş verib. Sonuncu dəfə 2021-ci ildə investisiyaların həcmi daha 8,2 faiz azaldı.  


Qeyd edək ki, əsas kapitala sərmayə qoyuluşu dedikdə bütün növ əsas vəsaitlərin alınmasına, yaradılmasına və istehsalına yönəldilmiş xərclər nəzərdə tutulur. Əsas kapitala yönəldilmiş investisiyaların maliyyələşdirmə mənbələri müəssisə və təşkilatların öz vəsaitləri, büdcə vəsaitləri (dövlət büdcəsi və ya yerli büdcələr), əhalinin şəxsi vəsaitləri, bank kreditləri, büdcədənkənar fondların vəsaitləri və digər vəsaitlər ola bilər. 


Son 9 ildə əsas kapitala sərmayə qoyuluşunun davamlı azalması 2 səbəblə bağlıdır.

Birinci səbəb neft-qaz layihələrində əsaslı işlərin həcminin azalmasıdır.


İkinci səbəb isə dövlət büdcəsinin xərc strukturunda ciddi dəyişikliyin olmasıdır. 2013-cü ildən sonra dövlət büdcəsinin xərclərində dəyişiklik edildi. Həmin ilə kimi büdcə vəsaitinin təxminən yarısı əsaslı xərclərə yönəldirilirdisə, 2014-cü ildən sonra tədricən əsaslı xərclərdə azalma, cari xərclərdə artım baş verdi. 


Hər iki səbəbin təsiri ilə uzun müddət əsas kapitala sərmayə qoyuluşu azaldı. 


2022-ci ildə sərmayə qoyuluşunun yenidən artmasında büdcədən əsaslı vəsait qoyuluşu xərclərinin artmasının böyük rolu var. Bu il büdcədən sərmayə qoyuluşu 50 faiz artıb. Büdcə vəsaiti ilə yanaşı əhalinin şəxsi vəsaitləri də artıb (8,4 faiz). Həm büdcə, həm də şəxsi vəsaitlər hesabına əsas kapitala investisiya qoyuluşu 5 faizdən çox artıb. 


Bu il əsaslı investisiya qoyuluşunun daha çox artması imkanı var idi. Lakin neft-qaz sektoru üzrə investisiyaların 10 faiz azalması ümumi artımı zəiflədib. 


Dövlət büdcəsindən əsaslı investisiya qoyuluşunun artmasında Qarabağın bərpası ilə bağlı xərclərin həcmi böyük paya sahibdir. Ötən bərpa layihələrinə 3 milyard manat xərclənib.


Vasif

 


OXŞAR XƏBƏRLƏR