Neft Fondu son 10 ildə ilk dəfə zərər edib – SƏBƏB

Neft Fondu son 10 ildə ilk dəfə zərər edib – SƏBƏB

Azərbaycan Dövlət Neft Fondu (Neft Fondu) son 10 ildə ilk dəfə olaraq ötən il zərər edib. 


Sfera.az Neft Fondunun açıqladığı məlumatlara istinadən xəbər verir ki, qoyulan investisiyalar üzrə 2013-cü ildən 2021-ci ilin sonuna qədər hər il gəlir əldə edildiyi halda, 2022-ci ildə zərər qeydə alınıb. 


2022-ci ildə Neft Fondunun investisiya portfeli üzrə zərər 5,16 faiz təşkil edib. Əvvəlki illərin nəticələrinə diqqət yetirdikdə görürük ki, Neft Fondu 2021-ci ildə 4,49 faiz, 2020-ci ildə 2,82 faiz, 2019-cu ildə 5,29 faiz gəlirə sahib olub.


Ötən il Neft Fondu yalnız daşınmaz əmlak üzrə gəlir əldə edib. Daşınmaz əmlak üzrə gəlir 0,55 faiz olub. Digərlərində, o cümlədən istiqrazlar və pul bazarı alətlərində zərər 2,37 faiz, səhmlərdə zərər 3,34 faiz təşkil edib. 


Neft Fondunun investisiylarının 62,1 faizi istiqrazlar və pul bazarı alətlərinə, 19,6 faizi səhmlərə qoyulduğundan bu iki istiqamət üzrə baş verən zərər ümumən investisiya portfelində ciddi zərərin yaranmasına səbəb olub. 


İnvestisiya portfelindəki zərərin yaranmasına səbəb ötən ilin əvvəlindən baş verən geosiyasi gərginlik (Rusiya-Ukrayna müharibəsi) və eləcə də, mərkəzi bankların sərt monetar siyasətlərin davamlı olacağına dair bəyanatları oldu.

 

İl ərzində mərkəzi bankların rəsmilərinin monetar siyasət ilə bağlı qarşıdakı dövrlər üzrə planlarına dair bəyanatları, inflyasiya və əmək bazarına dair iqtisadi göstəricilər maliyyə bazarlarına təsir edən əsas amillər kimi qeydə alındı. 


Yüksək inflyasiya şəraitində mərkəzi bankların sərt monetar tədbirləri səhm bazarında və digər qiymətli kağızlar bazarında ucuzlaşma ilə nəticələndi. Bu amillərin təsiri ilə Neft Fondunun investisiya etdiyi səhmlərin və istiqrazların da dəyəri düşdü. 


Ötən il Neft Fondunun bazar aktivlərində ümumi dəyər itkisi 2,46 milyard dolları ötdü. İnvestisiyalar üzrə gəlirliliyə valyuta məzənnələrindəki dəyişiklik də təsir edib. Belə ki, məzənnə dəyişiklikləri Neft Fondunun aktivlərinin 875,5 milyon dollar kiçilməsinə səbəb olub. 


Neft Fondunun əvvəlki illərdəki investisiyalarının dəyərinin azalmasına baxmayaraq, 2022-ci ildə neft və qaz satışından böyük gəlirlərin əldə edilməsi, eyni zamanda dövlət büdcəsinə transfert edilən məbləğin kəskin azaldılması aktivlərin ümumi həcminin 8,9 faiz və ya 4 milyard dollardan çox artaraq 49,03 milyard dollara çatmasına imkan verib. 


Böyük ehtimalla 2023-cü ildə Neft Fondunun investisiya portfeli üzrə gəlirliliyi yenidən müsbət olacaq və bu, aktivlərin artmasına kömək edəcək. Çünki bu il inflyasiya sürətində azalma baş verəcəyinə dair gözləntilər güclüdür. Belə bir vəziyyətdə mərkəzi banklar faiz dərəcələrində artım sürətini zəiflədəcək, hətta bir neçə aydan sonra faiz artımı dayandırılacaq. Əgər faiz artımları dayanarsa, o halda səhm və istiqraz bazarında qiymətlərin yüksəlməsi ehtimalı güclüdür. Qiymətli kağızlar bazarında dəyərin artması isə Neft Fondunun investisiyalarının gəlirliliyinə müsbət təsir edəcək. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR