Logo

Azərbaycanın qeyri-neft mallarından əldə etdiyi gəlir necə artdı? – İki əsas amil

Azərbaycanın qeyri-neft mallarından əldə etdiyi gəlir necə artdı? – İki əsas amil
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol
Bu ilin birinci rübündə qeyri neft-qaz sektoru üzrə ixracda 16,8 faiz artıma nail olunub. Ötən ilin  birinci rübündə 429 milyon dollar dəyərində qeyri neft-qaz malları ixrac edən Azərbaycan bu ilin eyni dövründə ixracını 501,5 milyon dollara çatdırıb. Müqayisədə ixracın 72,5 milyon dollar artdığı görünür. 

Sfera.az bildirir ki, qeyri neft-qaz sektorundan kənar sahələrin ixrac göstəricilərinin yaxşılaşmasını 2 səbəblə əlaqələndirmək olar. Birinci səbəb dünyada əmtəə qiymətlərinin yüksəlməsi, ikinci səbəb bəzi məhsul növləri üzrə istehsal imkanlarının artmasıdır.

Son bir ildə, o cümlədən 2021-ci ilin birinci rübündə qlobal əmtəə qiymətlərində artım qeydə alınıb. Əmtəə qiymətlərinin yüksəlməsi eyni miqdarda məhsulun ixracından daha çox gəlir əldə etməyə imkan yaradır. Bu amil miqdar ifadəsində əmtəə ixracının artmaması halında belə ixrac dəyərinin yüksəlməsinə kömək edir. 2020-ci ilin son rüblərində və 2021-ci ilin birinci rübündə əmtəələrin bahalaşması ümumən xarici ticarət dövriyyəsinin dəyərini artırıb ki, bundan qeyri neft-qaz sektoru da faydalanıb.

Son bir ildə demək olar ki, bütün əmtəələr bahalaşıb. Azərbaycanın qeyri-neft məhsullarının ixracında əsas paya sahib olan metallar, pambıq və digər kənd təsərrüfatı məhsulları xeyli dəyər qazanıb. O cümlədən mis 81 faiz, alüminium 58 faiz, gümüş 65 faiz, şəkər 64 faiz, pambıq 60 faiz bahalaşıb.

Bu dövrdə yüngül sənaye məhsullarının da qiyməti yüksəlib. Neftin və təbii qazın bahalaşması yüngül sənayesi qiymətlərində artırıcı təsir yaradıb. Ötən bir ildə neftin qiyməti 1,6 dəfə, təbii qaz 41 faiz bahalaşıb. Neftin bahalaşması yüngül sənaye ilə yanaşı digər əksər sahələrdə qiymətlərin yüksəlməsini şərtləndirib.

Qeyri neft-qaz ixracında artımı dəstəkləyən ikinci amil bəzi məhsul növlərində istehsalın artımına nail olunmasıdır. Azərbaycan plastmassa və onlardan hazırlanan məmulatların istehsalında ciddi dönüş yaradıb. Buna görə də cari dövrdə adıçəkilən mal qrupu üzrə ixrac təxminən 2 dəfə artaraq 90 milyon dolları ötüb. Ötən ilin birinci rübündə bu məhsulların ixrac dəyəri 46 milyon dollar idi.

İxracında ciddi dönüş yaradılan ikinci məhsul pambıq mahlıcı və pambıq ipliyidir. Bu il pambıq ipliyi və mahlıcı ixracının dəyəri 27,25 milyon dollar artaraq 79 milyon dolları ötüb. Ötən ilin birinci rübündə pambıq ixracı 55 milyon dollar olmuşdu.

Alüminium ixracında da artım var. Müqayisədə bu il alüminium ixracı 2 dəfə artaraq 42,4 milyon dollara çatıb.

Sadalanan amillər qeyri neft-qaz sektoru üzrə ixrac vəziyyətinin yaxşılaşmasına şərait yaradıb və ümumi ixracda onun payını artırıb. Qeyri neft-qaz sahəsinə aid olan mallar ötən ilin ilk 3 ayında ümumi ixracın 10,2 faizini təşkil edirdisə, bu ilin ilk 3 ayında ixracda qeyri neft-qaz sektorunun payı 12,12 faizə yüksəlib.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR